24.12.2024, 03:35
AZ EN
27.11.2024, 07:00 227

Küveytdə Şuşaya həsr olunmuş böyük konfrans keçirilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi və Küveyt Milli Kitabxanasının birgə təşkilatçılığı ilə noyabrın 25-də “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı” adlı konfrans təşkil edilib.

Konfransda Küveytin hakim ailəsinin üzvləri, Küveyt Dövlətinin Səhiyyə, Təhsil və İnformasiya nazirliklərinin əməkdaşları, bu ölkənin ali təhsil ocaqlarının təmsilçiləri, ictimaiyyətin digər tanınmış simaları, yerli media nümayəndələri, Küveyt Dövlətində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, burada fəaliyyət göstərən türk məktəbinin müəllimləri və hərbçilər, habelə dost ölkədə yaşayan və təhsil alan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov konfransdakı açılış nitqində 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə məlumat verib. Diplomat Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən bərpası, bu qədim yurdumuza həyatın qaytarılması, eyni zamanda, tarix-mədəniyyət və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin müsəlman ölkələri və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən yüksək dəyərləndirildiyini iştirakçıların diqqətinə çatdırıb.

Səfir Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərə¬findən Şuşanın mədəni irsinin, mədəni, tarixi və dini abidələrinin bərpa etdirilmə-sini diqqətə alan İslam dövlətlərinin yek¬dil qərarla Şuşa şəhərini 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan etdiklərini vurğulayıb.

E.Kərimov bu seçimi İslam dünyasının Azərbaycana növbəti dəstəyinin və hörmətinin əlaməti kimi dəyərləndirdiyimizi, bunun İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsi olduğunu qeyd edərək, həmin qərarın İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacağına əminliyini ifadə edib.

Diplomat bundan əvvəl də, Azərbaycan şəhərlərinin bu şərəfli ada layiq görüldüyünü vurğulayaraq, 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvan şəhərinin də İslam dünyasının mədəniyyət paytaxtı elan edildiyini bildirib.

Səfir, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin 21 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu gün işğaldan azad olunan alınmaz qala, Qarabağın tacı, mədəniyyətimizin beşiyi Şuşamızın dirçəldiyini dilə gətirən səfir, bu şəhərin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının rəmzlərindən biri olduğunu deyib. O, bu gün Şuşa şəhərinin beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi etdiyini və bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verildiyini bəyan edib.

Səfir Şuşa şəhərinin tarixindən söhbət açaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarımızın rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildiyini və elə həmin ilin 8 noyabr tarixində 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin düşməndən geri alındığını qeyd edib. Şuşa şəhərinin azad edilməsinin həm də dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olduğunu deyən diplomat, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz Qələbənin - 8 noyabr tarixinin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini bildirib.

Səfir Şuşa şəhərində çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilməsinə toxunaraq, bu ilin may ayının 11-də Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimində dövlət rəsmilərinin, ICESCO-ya üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqların iştirak etdiklərini və bir çox müsəlman ölkələrinin kollektivlərinin Cıdır düzündə öz məharətlərini göstərdiklərini, bunun bütün İslam dünyası üçün birlik bayramı, həmrəylik şənliyi olduğunu deyib.

Ölkəmizlə İslam dünyası arasında dərin dini, tarixi və mədəni bağların mövcud olduğunu bildirən səfir Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq etdiyini və dövlətimizin həmin əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb və hazırda müsəlman dövlətləri ilə ölkəmiz arasındakı münasibətlərin durmadan inkişaf etdiyini vurğulayıb.

Səfir 30 il əvvəl öz doğma yurdlarından köçkün düşmüş insanların evlərinə layiqli və təhlükəsiz qayıdışının təmin edilməsi məqsədilə dövlətimiz tərəfindən “Böyük Qayıdış” proqramının hazırlandığını diqqətə çatdıraraq, Qarabağ və Şərqi Zəngəzur rayonlarının Prezident İlham Əliyev tərəfindən "Yaşıl Enerji Zonası" elan edildiyini və bunun qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsulu olduğunu bildirib.

Konfransda Küveyt Milli Kitabxanasının direktoru Siham əl-Əzmi, Türkiyə Respublikasının Küveyt Dövlətindəki səfiri Tuba Nur Sönməz, İran İslam Respublikasının Küveyt Dövlətindəki səfiri Məhəmməd Tütüncü, Küveyt Alternativ Tibb Cəmiyyətinin sədri, araşdırmaçı Dr. Zaben Əl-Uteybi və Küveyt Dövlətinin “Mübarək Əl-Kəbir” Sağlamlıq Mərkəzinin direktoru doktor Valid əl-Buseyri (1974-cü ildə Neft Elmləri İnstitutunun tələbəsi olmuşdur) çıxış ediblər.

Türkiyənin Küveytdəki səfiri Tuba Nur Sönməz otuz ilə yaxın müddət ərzində Azərbaycan və daha geniş türk və İslam dünyası üçün böyük mədəni, tarixi və simvolik əhəmiyyətə malik olan regionun münaqişələr nəticəsində iflic vəziyyətinə düşdüyünü təəssüf hissi ilə qeyd edib. O, bu baxımdan, konfransın Azərbaycanın ağır döyüşlərdə qazandığı Qələbənin göstəricisi olmaqla yanaşı, həm də bu torpaqların mədəni və tarixi əhəmiyyətinin təntənəsi olduğunu vurğulayıb.

Şuşada Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən “Şuşa Bəyannaməsi”nin imzalanması tarixinə toxunan türkiyəli diplomat bu sənədin xalqlarımız arasında ikitərəfli münasibətləri siyasi, iqtisadi, müdafiə, mədəniyyət və digər sahələrdə əməkdaşlığı əhatə edən formal müttəfiqlik səviyyəsinə yüksəltdiyini vurğulayıb. O, Türkiyənin müttəfiq dövlət kimi Şuşanın və Qarabağın inkişafı və yenidən qurulması üçün hərtərəfli dəstək verdiyini qeyd edib.

İran İslam Respublikasının Küveyt Dövlətindəki səfiri Məhəmməd Tütüncü Azərbaycanın mənzərəli dağlarında yerləşən Şuşanın tarix, mədəniyyət və ənənələrlə zəngin bir şəhər olduğunu bildirib. O, Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin onun incəsənət, musiqi və mədəni mübadilə mərkəzi kimi davamlı irsini əks etdirdiyini qeyd etmişdir.

Küveytli natiqlər də Azərbaycan mədəniyyət paytaxtı olan Şuşa şəhərinin İslam mədəniyyətinə verdiyi töhfələrdən söz açıblar və bunun nəticəsi olaraq onun 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçildiyini sevinc hissi ilə qeyd ediblər.

Onlar nitqlərində İslam aləminin ayrılmaz tərkib hissəsi olan Azərbaycan xalqının nə qədər böyük tarixə, mədəniyyətə, incəsənətə malik olduğunu qürur hissi ilə qeyd ediblər və xalqlarımız arasında daha çox xoş münasibətlərin yaradılmasını arzulayıblar.

Konfransın sonunda Şuşa şəhərinin tarixinə və mədəniyyətinə və orada keçirilən tədbirlərə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Daha sonra qonaqlar tədbir çərçivəsində təşkil olunmuş müxtəlif sahələri əhatə edən kitab, əl işləri və Azərbaycan məhsullarına aid sərgi ilə tanış olublar.

Səfirliyin dəstəyi ilə Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə məlumatları ehtiva edən kitabça hazırlanıb və orada Şuşa şəhərinin mədəniyyət abidələrini, tarixi binalarını, kulinariyasını, füsunkar təbiətini, işğaldan azad edildikdən sonra burada aparılan bərpa və quruculuq işlərini və mədəni tədbirləri əks etdirən fotoşəkillər yerləşdirilib.

Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına həsr olunmuş konfrans barədə məlumatlar Küveytin ərəbdilli “əl-Nahar”, “əl-Qabas”, “əl-Siyasa”, “əl-Ray”, “əl-Ənba”, “əl-Cəridə” qəzetlərində və www.q8-press.com elektron xəbər portalında və həmin mediaların sosial şəbəkələrində geniş işıqlandırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər