Təşkilatdan bildirilib ki, düşərgənin ilk günündə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Ağcabədi şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Ağcabədi rayon Şəhidlər xiyabanini ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Düşərgənin açılış tədbiri Ağcabədi Olimpiya İdman Kompleksində baş tutub. Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Rüfət Quliyev çıxış ediblər. Bildirilib ki, belə düşərgələrin keçirilməsi gəncləri vətənpərvər dəyərlər ətrafında daha da birləşdirərək onların bu prosesdə fəal iştirakını təşviq etməyə xidmət edir.
Tədbir 44 günlük Vətən müharibəsində Şuşaya qədər döyüş yolu keçmiş, qəhrəman qazilərlə görüşlə davam edib. “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyevin moderatorluğu ilə davam edən görüşdə Vətən müharibəsi qaziləri keçdikləri döyüş yollarından, müharibə dövründə ordumuzun döyüş əhvali-ruhiyyəsindən, hərbi-psixoloji hazırılığından, işğaldan azad olunmuş ərazilərə ilk ayaq basdıqlarında yaşadıqları hisslərdən, xalq və ordu birliyindən danışıb, gəncləri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, 65 nəfərin iştirakı ilə 4 gün davam edəcək düşərgədə gənclər üçün Qarabağda və Şərqi Zəngəzurda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyəti haqqında infosessiyalar, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, interaktiv təlimlər, eləcə də ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub. (AZƏRTAC)