Bu fikirləri Vətən müharibəsi veteranı Famil Üzeyirov 44 günlük haqq savaşımızla bağlı xatirələrini bölüşərkən deyir.
“Üç övladım var, Kamil, Yusif və Səma. Müharibə başlayanda onları qoyub Vətənimin müdafiəsinə getdim. Şükür ki, Qələbə qazandıq, düşməni qovduq və tarixi torpaqlarımızı geri aldıq”.
Kəşfiyyatçı-snayper olan Famil Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib və sol ayağından ağır yaralanıb. Buna baxmayaraq hər an Vətən uğrunda canından keçməyə hazır olduğunu bildirir.
Prezident İlham Əliyevin sərəncamları ilə Famil Saleh oğlu Üzeyirov “Suqovuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Müsahibimiz müharibə əlili kimi dövlət qayğısı ilə əhatə olunduğunu da qeyd edir. Belə ki, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonundakı yeni yaşayış kompleksində üçotaqlı tam təmirli mənzil və minik avtomobili verilib. (AZƏRTAC)