Şahin sanki hiss etmişdi şəhid olacağını. Hələ doğulmamış körpəsinə öz adını da vəsiyyət etmişdi. Demişdi ki, şəhid olsam ağlamayın, başınızı dik tutun...
Bu gün baş gizir, şəhid Şahin Hüseynbala oğlu Allahyarovun anım günüdür. O, 1993-cü il yanvarın 29-da Hacıqabul rayonunda anadan olub. 1999-2010-cu illərdə Quba rayonu Zizik kənd Əli Heydər adına tam orta məktəbdə təhsil alıb. 2011-2012-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub.
2016-cı ildən Dövlət Sərhəd Xidməti sıralarına qəbul edilib. Zaqatala sərhəd dəstəsində müxtəlif vəzifələrdə xidmət etdiyi dövrdə özünü bacarıqlı hərbiçi kimi göstərib. 2019-cu ildən Sərhəd Qoşunlarının Qazax əlahiddə sərhəd diviziyasında kəşfiyyatçı vəzifəsində xidmətini davam etdirən Şahin mənfur düşmənlə üzbəüz xidmət aparmağı ilə qürur duyardı.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanan Şahin bir sıra yaşayış məntəqələrimizin azad olunmasında xüsusi şücaətlər göstərib. Cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, Hadrut qəsəbəsinin azad olunmasında fərqlənib.
Baş gizir Allahyarov Şahin döyüşçü yoldaşları ilə birlikdə düşmən arxasına sızaraq Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin düşməndən azad edilməsi, azad olunmuş yaşayış məntəqələrinin və ətraf ərazilərin düşməndən təmizlənməsində rəşadət göstərib.
Şahinin son döyüşü Şuşa şəhəri uğrunda olub. Vətən müharibəsinin gedişatında xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad olunması cəsur kəşfiyyatçı Şahin Allahyarovun ən böyük arzularından biri idi. Lakin bu onun sonuncu döyüşü oldu. Noyabrın 1-də Şahin Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına şəhadətə ucaldı.
Şəhidimiz ailəli idi. Onun iki övladı Vətənə yadigardı. Vəsiyyət etdiyi kimi, ölümündən sonra dünyaya gələn oğluna Şahin adı verildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə ərazi bütövlüyümüzün bərpa edilməsində göstərdiyi qəhrəmanlıq nümunəsinə görə baş gizir Allahyarov Şahin Hüseynbala oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz 3 noyabr 2020-ci ildə Quba rayonunun Zizik kəndində böyük izdihamla torpağa tapşırılıb.
Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD