Doğum günündə Vətən müharibəsi şəhidi Əliyev Şamil Xançoban oğlunun xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Tədbirdə şəhidin ailəsi, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, məktəb kollektivi, döyüş yoldaşları, şəhid ailələri, qazilər və Böyük Bəhmənli kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, Şamil Əliyev Vətən müharibəsi zamanı öz qanı ilə tarix yazan şəhidlər sırasında yer alır. Onun həyatından, Vətənə olan sevgisindən və döyüşlərdə göstərdiyi şücaətdən danışılarkən qeyd edilib ki, hələ az yaşlı vaxtlarından hərbiyə böyük maraq bəsləyib. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi yollanan Şamil kəşfiyyatçı olub və xidmətini bitirdikdən sonra müddətdən artıq qulluqçu olaraq Vətən keşiyində dayanıb. 2016-cı il Aprel döyüşlərində də xüsusi şücaət göstərib. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət ilə seçilib. Şamil oktyabrın 16-da gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Əliyev Şamil Xançoban oğlu döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. (AZƏRTAC)