Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, gizir Sübhan Mahir oğlu Abdurahmanlının doğum günüdür. O, 1992-ci il oktyabrın 18-də Bakı şəhərində anadan olub. Sübhan Abdurahmanlı 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun giziri olan Sübhan Abdurahmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Sübhan Abdurahmanlı oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehriramla II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sübhan Abdurahmanlı ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və 3-cü dərəcəli "Vətənə Xidmətə görə" medalları ilə təltif edilib.
Anası deyir ki, Sübhan hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında başa vurub, qayıtdıqdan sonra Daxili qoşunlarda MAXE kimi qulluq etməyə başladı və 3 il orada işlədi. TGM-i oxuyandan sonra isə təyinatını Beyləqandakı hərbi hissələrdən birinə aldı, orada kəşfiyyatçı idi. Əslində müharibə başlayanda oğlum anbar rəisi idi və o, döyüşlərə ən sonda gedə bilərdi. Sadəcə, Vətən sevgisi Sübhanı cəbhə bölgəsinə apardı. İşlədiyi yerdən ona bildiriblər ki, sən bizə burada lazımsan. Əsgərlərimizi çay, su və lazım olan digər zəruri qidalarla təmin edirsən. Sübhan isə onlara deyib ki, silaha sarılıb müdafiəyə qalxmasaq, sən vuruşmasan, mən vuruşmasam, bəs Vətəni kim qorusun? Anamız və bacılarımızın rahat yaşaması üçün hamımız döyüşməliyık...
Vətən müharibəsində qalib olacağımızı bilirdim. Lakin onu da bilirdim ki, müharibə başladısa Sübhanı heç kim döyüşdən saxlaya bilməyəcək. Ancaq onun şəhid olacağını ağlıma belə gətirmirdim.
“Mənə zəng vurub deyirdi ki, hər şey yaxşıdır, narahat olma. Axırıncı dəfə onunla oktyabrın 1-ində danışdım. Gülərək mənimlə danışdı və hiss etdim ki, əhvalı çox yaxşıdır. Amma heç təssəvvür etməzdim ki, bu zəng onun son zəngi olacaq. Oğlum Füzulidə şəhid olub. Müharibə başlayandan Ağdərə rayonu ərazisində və Cəbrayılın azad edilməsində gedən döyüşlərdə iştirak edib. O, Füzulidə mühasirəyə düşüb və snayper gülləsinə tuş gələrək şəhid olub. Ümumiyyətlə, Sübhanla bərabər mühasirəyə düşən bütün əsgərlərimiz şəhid olublar. Allah bütün şəhid Azərbaycan oğullarına rəhmət eləsin. Çox istərdim ki, oğlumun uğrunda canını qurban verdiyi, şəhid olduğu, qanının töküldüyü o torpağa gedim. O torpağı öpüm. Oğlumun uğrunda şəhid olduğu torpağı görmək mənim ən böyük arzumdur. Bundan sonra oğlumun qoxusunu uğrunda öldüyü o torpaqlardan alacağam. Sübhan həmişə deyirdi ki, hər şey yaxşı olacaq! Elə bu ifadə də onun şəhadətinə çevrildi. Yorğun olduğum, bəzən ümidimi itirdiyim vaxtlarda oğlum mənə bu sözləri ilə təskinlik verərdi. Mən isə onun varlığından, dağ kimi ürəyindən, qürurundan və qeyrətindən güc alıb yaşayırdım. Oğluma demək istərdim ki, rahat yat. Qanın yerdə qalmadı. Uğrunda can qoyduğun torpaqlar artıq bizdədir. Əgər torpaqlar alınmasaydı, düşünərdim ki, balamın qanı yerdə qaldı. Sübhan kimi oğullar dünyaya çox gələcək. İgid və qəhrəman Sübhanlarımız çox olacaq, amma əsas odur ki, Azərbaycanımız yaralı qalmayacaq. Bilirik ki, torpaqlarımızda böyüyən körpə balalarımız daha şəhid olmayacaq. Analarımız mənim kimi gözüyaşlı qalmayacaq. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu”.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrman şəhidim!
Mina RƏŞİD