Birinci Qarabağ müharibəsində iştirak edən Kərkicahan sakinləri təəssüratlarını İctimai Televiziya ilə bölüşüblər.
Kərkicahan sakini, Nazim Hüseynov bildirir ki, 1988-ci ildə artıq bizləri, azərbaycanlıları sıxışdırdılar, qoymadılar işə gedək: “1988-ci il sentyabrın 18-də ermənilər o mitinqdən ayrılıb yarısı Xocalıya getdi, ordan yarısı da bizim Kərkicanaha hücuma gəldi. Biz artıq onlardan belə bir addım atacaqlarını gözləyirdik. Camatımız əlinə keçənlə yaba ilə, şana ilə ermənilərin qarşısında durdu və qoymadıq ki, onlar Kərkicanaha daxil olsun”.
Buna baxmayaraq, işğalçılar havadarlarının dəstəyindən istifadə edərək bədnam məqsədlərini həyata keçirdilər. 1988-ci ildən son döyüşlərin getdiyi 1992-ci ilin yanvarınadək sakinlər və könüllülər Kərkicahanın müdafiəsində durublar. Qəsəbə işğal olunarkən 34 nəfər şəhid olub. Kərkicahan döyüşlərinin iştirakçısı Mehman Rzayev gördüklərini belə dilə gətirir:
-Qonşularımız ermənilər idi. Gecə-gündüz səngərdə olurduq. Əlimizdə silah yox, elə olurdu bir avtomatla beş nəfər gedirdi ki, postda dursun. Səngərləri saxlayırdıq. 1990-cı ildə ən çox qızğın döyüşlər bizim kənddə getdi, orda 7 yaşlı Eyvaz şəhid oldu, qardaşı Əvəz isə yaralandı, onun da 8 yaşı var idi.
Prezident İlham Əliyevin Xankəndinin Kərkicahan qəsəbəsinə səfəri onlara böyük fəxarət hissi bəxş edib. Kərkicahan sakini İlham Lələyev deyir ki, dünən, sırağa gün cənab Prezident İlham Əliyevi kəndimizdə görəndə ürəyimiz açıldı, çox sevindik. Bu gün yenə də Prezidentimiz nə əmr etsə biz ona hazırıq.
Hazırladı: Tahirə AĞAMİRZƏ