23.12.2024, 20:51
AZ EN
16.10.2024, 10:23 289

Mən şəhid olacağam...

XƏBƏRLƏR
  • Müşfiq hiss edirdi ki, tezliklə müharibə başlayacaq və torpaqlarımız azad olunacaq. Həmişə də şəhid olacağını deyirdi. Son dəfə gedəndə, elə pillələri düşərkən atasına da dedi. Siz fəxr edin ki, mən şəhid olum... 

Müharibədən bir gün əvvəl qardaşına zəng eləyib və bizi aparırlar, deyib. Amma ata-anama demə...

Döyüş yoldaşı deyir ki, Müşfiq şiddətli döyüş zamanı qaça-qaça gedib yaralı əsgərə iynə vurub başını qaldıranda snayper gülləsinə tuş olmuşdu...

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, çavuş İsmayılzadə Müşfiq Xanlar oğlunun doğum günüdür. O, 16 oktyabr 1994-cü ildə Tovuz rayonunun Alakol kəndində doğulub. 2001-ci ildə Tovuz rayon Alakol kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub, 2009-cu ildə Gəncə şəhər 44 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Rusiya Federasiyasına gedib, bir müddət orada çalışıb, 2016-cı ildə Azərbaycana geri dönüb.

Müşfiq Aprel döyüşlərinə də könüllü yazılıb. Amma bu dəfə savaşmaq ona nəsib olmayıb. Bir ay idi ki, çavuş kimi Vətənə xidmət edirdi. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərə qatılaraq, mərdliklə savaşıb.

Müşfiq İsmayılzadə 1 oktyabr 2020-ci ildə Kəlbəcər rayon istiqamətində, Murovdağda şəhadətə ucalıb.

 Şəhidimizin mübarək nəşi 2 aydan çox neytral zonada qalıb.

19 dekabr 2021-ci ildə şəhidimiz Müşfiq Hüseynzadə Tovuz rayonu, doğma Alakol kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, nurüzlü qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər