Adil Cəmil "Həqiqət" qəzetində baş redaktor, “Bakı” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləyib. Hazırda “Ədəbiyyat qəzeti”ndə şöbə müdiri vəzifəsində çalışır.
Bir çox kitabların müəllifi olan Adil Cəmil bədii tərcümə ilə də məşğul olur. Onun rus, belorus, özbək, Latın Amerikası poeziyasından etdiyi tərcümələr qəzet, jurnal və toplularda dərc edilib. Şairin mənzum formada tərcümə etdiyi “Manas” qırğız xalq qəhrəmanlıq dastanından müəyyən hissələr Azərbaycan mətbuatında çap olunub.
Bu gün istedadlı şair Adil Cəmilin 70 yaşı tamam olur. Şairi təbrik edir, onun Vətənə, torpağa, doğma el-obaya həsr etdiyi bənzərsiz şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
ŞUŞAMA ŞÜKÜR
Burda diz çökürük torpağa, daşa,
O yanda Kirs dağı, bu yanda Şuşa.
Laçınla qol-boyun, qoşama şükür,
Şuşama şükür.
Biz zəfər yoluyla gəldik qoynuna,
Sarmaşdıq yenilməz qala boynuna.
Bu ömrə, bu günə, yaşama şükür,
Şuşama şükür.
Qovuşduq tökülən qan bahasına,
Səni bayraq etdik Göy yaxasına.
Yumruğu dəmirdən paşama şükür,
Şuşama şükür.
BELƏDİR HƏYAT
Yaxşılar doymadı yaxşılığından,
Yamanın əməli tükənmədi heç.
Paxıllıq içində yaşayan insan
Özünə bir ev də tikəmmədi heç.
Saflıqdan yoğrulan sadə insanın
Üzündə işığı sərvəti oldu.
Nəyi olmasa da nurlu adamın
İmanı, insafı, mürvəti oldu.
Yalançı təriflər tər tökdürəndə
Yumduq gözümüzü bu məddahlığa.
Adam var tələsir adam sancmağa,
Adam var tələsir xeyirxahlığa.
Belədir, əzəldən belədir həyat,
İblis də, mələk də qoşadır, qardaş.
Yaxşı ki, gecənin sonu səhərdir,
Dünyanı mələklər yaşadır, qardaş.
NƏ ÇƏKİRƏM
Zalım dünya, qəm qoxuyan
Nəşən bilər nə çəkirəm.
Nə dərdlilər xəbər tutar,
Nə şən bilər nə çəkirəm.
Fələk daim öz ovunda,
Qəm saçımın qırovunda.
Ayrılığın alovunda
Bişən bilər nə çəkirəm.
Adil Cəmil, qalxma zilə
Nə qalıb ki, son mənzilə.
Tərəqqidən tənəzzülə
Düşən bilər nə çəkirəm.
GƏLİB, KEÇİB
Səndən ayrılandan, ay ulu dağlar,
Demə ki, günlərim xoş gəlib, keçib.
Sanki bir qərinə yaşamamışam,
Aylarım, illərim boş gəlib, keçib.
Ayağım dəyməyib yal-yamacına,
Uzaqdan baxmışam bəyaz tacına.
Gör necə bənzəyir saçım "saçına" -
Mənim də üstümdən qış gəlib, keçib.
Həsrətdən yanmışdım odsuz-ocaqsız,
Nə yaxşı salamat, nə yaxşı sağsız!
Adili çox çətin tanıyacaqsız -
Siz görən deyiləm, yaş gəlib, keçib.
SEVDİM
Zirvələr vətənin ucalığıdır,
Görəndə qayalar səngərdi - sevdim.
Qarşıma sərt yoxuş, düz yol da çıxdı,
Düzü düzdə qoyub o sərti sevdim.
Bir iş tutmadım ki, gözdən yayına,
Tapındım bu yurdun haqqı-sayına.
Mən ağız büzmədim Tanrı payına -
Sevinc də, kədər də göndərdi - sevdim.
Nə yaşaya bildim, nə də ölmədim,
Arzular gül açdı, yenə gülmədim.
Arsızı, gorsuzu sevə bilmədim,
Dərdimi dərk edən həmdərdi sevdim.
Fərqlidir ağayla qulun yazısı,
Bu - mənim getdiyim yolun yazısı.
Səndən hara qaçım, alın yazısı,
Dərd məni sevdikcə mən dərdi sevdim.
Hazırladı: Mina RƏŞİD