19.10.2024, 12:24
AZ EN
01.10.2024, 07:00 242

“Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” kitabının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Sentyabrın 30-da Bakı Kitab Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” kitabının təqdimatı keçirilib. Kitab müasir Azərbaycan dövlətinin qurucusu, hüquq islahatlarının banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib. Nəşrin ön sözünün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovdur.

Tədbir BDU Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri hüquq elmləri doktoru Turqay Hüseynovun moderatorluğu ilə keçirilib.

Tədbirdə BDU Hüquq fakültəsinin dekanı Zaur Əliyev kitabı haqqında məlumat verib. O qeyd edib ki, məhz Heydər Əliyev tərəfindən hüquq sahəsində milli kadrların hazırlanmasına dair göstəriş verilməsi, eyni zamanda, Ulu Öndərin bu sahədə keçirdiyi islahatlar hüquq elminin və hüquq təhsilinin yeni mərhələdə inkişafını təmin edib. Bu sahədə Ümummilli Liderin formalaşdırdığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən müəllif Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin qurucusu olduğunu xüsusi vurğulayıb. Müəllif qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Ulu Öndərin xeyirxahlıq və humanizm missiyasını yaşadır və uğurla davam etdirir.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, BDU Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müdiri professor Ziyafət Əsgərov, Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov, BDU Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə, Vəkillər Kollegiyası Akademiyasının rektoru, BDU Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru Əmir Əliyev, BDU Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri professor Alış Qasımov, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxış ediblər.

Qeyd olunub ki, “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” kitabı respublikamızda ilk dəfə nəşr olunub. Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan hüquq elmi və təhsilinin inkişafında misilsiz xidmətləri hüquqi-nəzəri aspektdən geniş şəkildə şərh olunub.

Altı fəsildən ibarət kitabın I fəslində Ulu Öndər Heydər Əliyevin islahatlarının hüquq elminin inkişafında yeni mərhələnin başlanğıcı kimi əsasları, II fəsildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və konstitusiya hüquq elminin inkişafı, III fəsildə Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqları elminin inkişafı məsələləri əksini tapıb. Kitabın IV fəslində Ulu Öndər Heydər Əliyevin hüquq islahatlarının hüquq doktrinasının inkişafına təsiri, V fəsildə Ümummilli Lider Heydər Əliyevin hüquq təhsilinin inkişafında rolu, o cümlədən peşəkar və ixtisaslaşmış kadrların hazırlanması, VI fəsildə Ulu Öndərin irsinin davam etdirilməsi, Prezident İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezident Mehriban Əliyevanın xeyirxahlıq missiyası ətraflı təhlil edilib.

Əsərdə, həmçinin Ulu Öndər Heydər Əliyevin təhsil, o cümlədən hüquq təhsili haqqında kəlamları öz əksini tapıb.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, deputatlar, hakimlər, prokurorluq əməkdaşları, vəkillər, elm xadimləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. (AZƏRTAC)

Oxşar xəbərlər