Mədət 2013-cü ildə İmamqulubəyli Qəsəbə Tam Orta Məktəbini bitirib. Elə həmin ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat fakültəsinə daxil olub. 2017-ci ildə ali məktəbi bitirib hərbi xidmətə yollanıb. 2019-cu ildə 69 saylı köçkün məktəbinə müəllim təyin olunub. Mədətin bir arzusu da vardı – tarixçi olmaq. Ona görə də, həmişə öz üzərində çalışırdı. Ona “Evlənmək vaxtındır,” - deyəndə, o, “Kəndimizi alacağıq, toyu da orada edəcəyik. İndi ermənyə toy tutmaq vaxtıdır,”- deyirmiş.
2020-ci ilin iyulunda baş verən Tovuz hadisələri və general Polad Həşimovun şəhid olması bir Vətən övladı kimi Mədətə də çox təsir edir. Odur ki, İkinci Qarabağ Müharibəsi başlayan kimi o, özünü cəbhədə görür. Mədət müharibə başlayandan bir gün sonra könüllü olaraq cəbhəyə yollanır.
Onun döyüş yolu Ağdərədən başlayıb elə orada da bitir. Oktyabrın 16-da Mədət Qəmbərov qəhrəmanlıqla şəhid olur.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mədət Qəmbərov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Onun məzarı Ağdam Şəhidlər Xiyabanındadır.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhəman şəhidim!
Mina RƏŞİD