20.04.2025, 10:12
AZ EN
24.09.2024, 10:16 317

Əmisinin yoluyla gedən İsgəndər...

XƏBƏRLƏR
  • İsgəndərin bircə bacısı var, evin tək oğludu. Anası deyir ki, İsgəndər  uşaqlıqdan istiqanlı, mehriban övlad olub. Dərslərini yaxşı oxuyardı, mətni bircə dəfə oxuyanda yadında qalardı. Onun əmisi Aqşin 1992-ci ildə Birinci Qarabağ müharibəsində Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. İsgəndər həmişə söz düşəndə əmisinin yoluyla gedəcəyini deyirdi. Elə belə də oldu. O, hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq həbi qulluqçu kimi Vətənin keşiyində dayandı...

Bu gün qəhrəman şəhidimiz, gizir İsgəndər Vüqar oğlu Dövlətlinin doğum günüdür. O, 1992-ci ildə Lerik rayonunun Soru kəndində anadan olmuşdu. Uşaqlıq illəri qartallı qayalar qoynunda keçsə də, 1997-ci ildə ailəsi Bakı şəhərinə köçür. İsgəndər orta məktəbi başa vurub Rabitə və Nəqliyyat Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra o, Lerik rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Daxili Qoşunların Quba şəhərinin "N" saylı hərbi hissəsində əsgər kimi  borcunu layiqincə yerinə yetirib evlərinə qayıdır. 

İsgəndər 2016-cı ildə yenidən hərbi sahəyə qayıdır və kəşfiyyatçı gizir rütbəsində Vətənə xidmət etməyə başlayır.

27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ Müharibəsində gizir İsgəndər Dövlətli mərdliklə savaşır. Döyüşdən-döyüşə düşmənə sarsıdıcı zərbələr endirərək onların xeyli sayda canlı qüvvəsini məhv edir.

Kəşfiyyatçı gizir İsgəndər Dövlətli oktyabrın 9-da  qızğın döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına ucalır.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsgəndər Dövlətli ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunur.

Şəhidimiz evli idi, onun bir övladı Vətənə yadigar qalıb.

 Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər