21.11.2024, 20:37
AZ EN
26.07.2022, 13:20 363

Qazi: torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etdiyim üçün qürur duyuram

XƏBƏRLƏR
  • Ayağımı, sağlamlığımı Vətən üçün itirmişəm. Bunun üçün sevinirəm, qürur duyuram ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə mən də iştirak etmişəm.

Bunu Ağdam rayonundan olan Vətən müharibəsi qazısı Mürşüd Quliyev deyib.

Mürşüd Ağdam rayonunun Zəngişalı kəndində doğulub böyüyüb. Digər keçmiş təmas xəttinə yaxın məsafədə yerləşən kəndlər kimi Zəngişalı da daim Ermənistan silahlı bölmələrinin təxribatları ilə üzləşdiyindən Mürşüd və qardaşı Müşfiq hərbçi olmağı qərara alırlar. Həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə başlayırlar. Vətən müharibəsində də iki qardaş bir yerdə minaatan batareyasında xidmət edib.

“2019-cu ilin dekabr ayından qardaşımla birgə müddətdən artıq hərbi xidmətə başladıq. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı cəbhənin Ağdam istiqamətində minaatan batareyasında xidmət edirdik. Bir həftə sonra bizi Suqovuşan istiqamətinə apardılar. Burada da qardaşım Müşviqlə bir yerdə idik. Əsgərlərin əhval-ruhiyyəsi yüksək idi. Hamı ürəklə, ruh yüksəkliyi ilə döyüşürdü. Komandirimiz çox vətənpərvər zabit idi. Onun vətənpərvərliyi, eləcə də xalqımızın, mülki vətəndaşların dəstəyi bizə ruh verirdi. Oktyabrın 10-da düşmənin atdığı 120 millimetrlik minaatan mərmisi bizim mövqeyə düşdü. Mən ağır yaralanaraq özümü itirdim. Qardaşım məni çiynində ərazidən çıxarıb. Məni əvvəlcə hərbi hospitala, oradan da Bakıya aparıblar. Sağ ayağım amputasiya olunub. Sol ayağımda isə çoxsaylı qəlpə yarası aldığımdan sümüklərdə qırıqlar var. Hospitalda yatanda döyüşlərin gedişini televiziyadan izləyir, həkimlərdən öyrənirdim. Ordumuzun irəliləməsi, torpaqlarımızı işğaldan azad etməsi xəbəri bizi sevindirirdi. Ürəyimiz ön cəbhədə - əsgərlərimizin yanında idi. Deyirdim ki, kaş yaralanmayaydım, yoldaşlarımla birgə döyüşü davam etdirəydim”.

Mürşüd Quliyev şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərə göstərilən dövlət dəstəyindən razılıq edib: “Prezidentimizin sərəncamları ilə “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. “YAŞAT” Fondu evimizin təmirinə köməklik edib. Hazırda üçüncü qrup pensiya alıram. Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kəndimizdə işə düzəlmişəm”.

Qazinin atası Quliyev Vəli övladlarının Vətən müharibəsində iştirak etməsi ilə qürur duyduğunu bildirib: “Qarabağımızın işğal altında olması, yaşadığımız Zəngişalı kəndinin 30 ilə yaxın müddətdə təmas xəttində yerləşməsi, düşmənin digər cəbhəyanı yaşayış məntəqələri kimi bizim kəndi də atəşə tutması - bütün bunlar övladlarımın vətənpərvər, düşmənə nifrət ruhunda böyüməsinə səbəb olub. Mürşüd hərbi xidmətdə olarkən deyirdi ki, xidməti başa çatdırandan sonra hərbidə qalacaq. Elə də etdi. Hərbi xidməti başa vurandan sonra qardaşı ilə birgə müddətdən artıq xidmətə başladı. Hər ikisi minaatan batareyasında xidmət edirdi. Mürşüd yaralanıb xidməti dayandırsa da, qardaşı hələ də Vətənə ordudadır. İşğaldan azad edilmiş ərazilərimizdə Vətənə xidmət edir. Hərbçi atası, qazı atası olmaqdan fəxr edirəm”. (AZƏRTAC)

Oxşar xəbərlər