Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən görüşdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, valideynlər, müəllimlər və 600 baldan yuxarı nəticə göstərərək tələbə adı qazanmış gənclər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət təhsil siyasətinin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən, kadr potensialının artırılması, beynəlxalq təhsil sisteminə uğurlu inteqrasiya edilməsi istiqamətində atılan addımlardan söz açdı.
Alı Alıyev bu il Füzuli rayonu üzrə 600 baldan yuxarı nəticə göstərən gənclərin sayının 26 nəfərə çatmasını, bu gənclərdən 4 nəfərinin məhz Qarabağ Universitetinin tələbəsi adını qazanmasını sevindirici və qürurverici məqam olaraq diqqətə çatdırdı. Tələbə adı qazanan bütün gəncləri ürəkdən təbrik edən Alı Alıyev, onlara gələcək təhsillərində və həyatlarında uğurlar arzuladı. Daha sonra valideynlərdən Ələddin Hüseynov, məktəb direktorlarından E.Piriyev adına Böyük Bəhmənli kənd tam orta məktəbin direktoru Solmaz Qənimətli, tələbələrdən rayon üzrə ən yüksək bal toplayan (690.8 bal) Orxan Abbasov çıxış etdilər. Çıxışçılar və eləcə də, sevinclərini bölüşən digər valideynlər, müəllimlər təhsil üçün yaradılan münbit şəraitə, göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.
Sonda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən gənclərə Fəxri Fərman və pul mükafatı təqdim olundu.
Hazırladı: Mina RƏŞİD