28.04.2025, 19:17
AZ EN
30.08.2024, 11:10 329

Qarabağı almağa gedirik

XƏBƏRLƏR
  • Anası Elnuru çox əziyyətlə böyüdüb. Elnur da anasının zəhmətini itirməyib. Zeynəb xanımın bircə dəfə də ana qəlbinə toxunmayıb, onun üzünə ağ olmayıb. Elə ona görə də, anası onun yoxluğu ilə barışa bilmir. Yana-yana deyir ki, Elnur mənim qolum-qanadım, ümidim, dayağım idi. Elnur anasıyla danışanda deyirdi ki, özündən muğayat ol. Anası da deyirdi, ay oğul, sən odun içindəsən, sən özünü qoru, mənə nə olacaq ki... Zeynəb xanımın yaddaşına balasının bu sözləri həkk edilib: “Ana, Qarabağı almağa gedirik”.  

 Vətən müharibəsinin qəhrəman şəhidi Elnur Mirsiyab oğlu Vəliyev 1999-cu il avqustun 30-da Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 2005-2016-cı illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra bir müddət mülki sahədə müxtəlif işlərdə çalışıb.
Elnur Vəliyev 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Daxili Qoşunlarının sıralarında, Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. Qəbələ və Şəkidə yerləşən "N" saylı hərbi hissələrdə hərbi xidmətini davam etdirib.

Elnur Vəliyev 2020-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq Vətənə xidmət edirdi. Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elnur Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və torpaqlarımızın  bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı kimi iştirak edib.

Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Elnur Vəliyev 2020-ci il sentyabrın 28-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır artilleriyadan aldığı yaradan qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimizin nəşi bir müddət neytral zonada qaldıqdan sonra tapılaraq oktyabrın 2-də doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Bu gün qəhrəman şəhidimiz Elnur Vəliyevin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, igid Elnur balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər