Qəhrəmanın doğulub böyüdüyü Əli-abad kəndindəki ev-muzeyində mərasimə rayon rəsmiləri, ziyalılar və şəhid valideynləri toplaşıb. Kitabın məsləhətçisi – Mübariz İbrahimovun atası Ağakərim İbrahimov bu kimi kitabların ölkəmizdə gənc nəslə hərbi vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyətli olduğunu bildirib.
Kitab iki hissədən, dörd bölmədən ibarətdir. Ayrı-ayrı hissələrdə tanınmış insanların Mübariz haqqında fikirləri, onun həyat hekayəsi, esse və şeirlər, eləcə də “Müqəddəs Mübarizim” poeması yer alıb. Nəşrin baş redaktoru, AMEA-nin Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli çıxışında müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hərbçilərimizin qəhrəmanlığı sayəsində tarixi torpaqlarımızın işğalına son qoyulmasında Mübariz kimi oğulların hünərinin əsl mənəvi təməl rolu oynadığını diqqətə çatdırıb: “Mübariz İbrahimov müasir Azərbaycan gəncliyinə Vətəni necə sevməyi əyani olaraq göstərdi, bu yolda onun rəşadəti əvəzsizdir. Belə nəşrlərin davamı da olacaq”.
Biləsuvar Rayon İcra Hakimiyyəti Başcısının müavini Ləman Yüzbaşova, AYB-in beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, kitabın redaktoru Famil Burxanoğlu, rayon ziyalıları Rüsətəm Əliyev, Mirhənifə Mirsultanov, Mirsahib Zəkiyev, şəhid atası Rafət İsayev və başqaları çıxış edərək əsərin vətənpərvərlik ədəbiyyatı olduğunu vurğulayıblar.
Hazırladı: Mina RƏŞİD