Qərara əsasən Birinci Qarabağ Müharibəsi əlillərinə I dərəcə əlilliyə görə - 8 min 800 manat, II dərəcə əlilliyə görə - 6 min 600 manat, III dərəcə əlilliyə görə - 4 min 400 manat məbləğində bir dəfəlik yardım edilmişdir.
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik yardım edilməsi dövlətin qazilərə olan diqqət və qayğısının bariz nümunəsidir. Bu sözləri deyən Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, II qrup əlil Hümbətov Əli Hümbət oğlu bizimlə söhbətində və əlavə etdi ki, bu yardımın verilməsi bizə çox böyük köməkdir: “Mən 1973-cü ildə iyunun 25-də Laçın rayonunun Zağaltı kəndində anadan olmuşam. 1980-1990-cı illərdə Qorçu kənd tam orta məktəbində təhsil almışam.
Məkrli düşmənlərimiz torpaq iddasına qalxanda, 1991-ci ilin oktyabr ayında Laçın rayonunda ilk 81 saylı Laçın Əlahiddə alayı yaradılmışdı, mən də bu alayın əsgərindən biri idim. İlk gündən düşmənə qarşı döyüş əməliyyatlarının xüsusi təyinatlı kəşfiyyatçısı kimi döyüşlərdə iştirak edirdim. 1992-ci ilin oktyabr ayında Laçın rayon Tıqik kəndində ağır yaralandım və Mərkəzi Hərbi Hospitala göndərildim. Bir müddət müalicə aldıqdan sonra 1993-cü ilin yanvar ayında yenidən hərbi hissəyə qayıdıb. Laçın, Qubadlı, Kəlbəcər rayonlarında döyüşmüşəm.
İkinci Qarabağ müharibəsi başlayanda “Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanovun rəhbərliyi ilə 30 nəfərdən ibarət köhnə döyüşçülər kəşfiyyatçı-bələdçi kimi döyüşlərdə iştirak elədik. Cəbrayılın, Qubadlının, Laçının bir neçə kəndlərinin və Hadrut qəsəbəsinin bir neçə kəndinin azad olunmasında uğurlu əməliyyatlarda iştirak etmişəm.
Biz qazilərə diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Onun sayəsində hər tərəfli qayğı ilə əhatə olunmuşuq. II qrup əlil kimi bu yardımdan mənə də pay düşdü, bu isə ailəmizin və mənim böyük sevincimizə səbəb oldu.
Hazırda Xəzər rayonu, Binə qəsəbəsində “Hövsan südçülük” sovxuzunda müvəqqəti məskunlaşmışıq. Ailəmiz 5 nəfərdən ibarətdir, oğlumun biri evlidir, biri isə ali məktəbi bitirb, magistaturada təhsil alır. Qızım isə ailəlidir.
Laçına qayıdacağımız günü səbirsizliklə gözləyirik. Böyük Qayıdışın davamı ilə Laçına köçmək, orada yaşamaq istəyirik.
Qeyd edək ki, Əli Hümbətov Prezident İlham Əliyevin sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Hazırladı:
Tahirə AĞAMİRZƏ