19.10.2024, 18:44
AZ EN
15.08.2024, 14:33 297

Rəsədxanada şəhid və qazi övladları üçün düşərgə təşkil olunub

XƏBƏRLƏR
  • Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının dəstəyi ilə “ƏMANƏT - Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsi” çərçivəsində 4-cü “Yay düşərgəsi” təşkil olunub.

Rəsədxanada bildirilib ki, düşərgənin məqsədi şəhid və qazi övladlarının yay tətilini səmərəli keçirməsini, onların əyləncəli və intellektual-mədəni istirahətini təmin etməkdir. 2024-cü ildə devizi “Təbiətə əmanət” olan düşərgədə ətraf mühitin qorunması ilə bağlı müxtəlif təlim və əyləncələr üstünlük təşkil edib, mentorlarla görüş təşkil olunub.

Düşərgənin 4-cü günü isə rəsədxananın muzeyinə ekskursiya başlayıb, rəsədxananın tarixi, Yardımlı meteoriti, digər daha kiçik meteorit nümunələri, 2 metrlik teleskopun mexaniki idarəetmə sistemi və digər eksponatlar haqqında məlumat verilib.

Daha sonra düşərgə iştirakçılarına rəsədxananın əməkdaşları Əminə Hümbətova və Ülviyyə Bəşirovanın iştirakı ilə elmi-populyar seminar təşkil olunub. Əminə Hümbətova “Günəş sistemi obyektləri və ekzoplanetlər” haqqında çıxış edib, sonra isə uşaqları maraqlandıran suallara cavab verilib.

Daha sonra rəsədxananın 2 metrlik, 60 və 70 santimetrlik teleskopları ilə tanışlıq olub, müşahidə prosesi, elmi materialların alınması, teleskopların iş prinsipi izah olunub. Əlavə olaraq, balaca qonaqlar rəsədxananın 70 santimetrlik teleskopunda müşahidə gecəsində iştirak ediblər.

Düşərgə müddətində “Təkrar emal” master-klası, Şamaxı Safari parkına və Dəmirçi Arxeologiya Muzeyinə ekskursiyalar təşkil olunub. (AZƏRTAC)

Oxşar xəbərlər