09.06.2025, 22:31
AZ EN
09.08.2024, 11:06 328

Döyüş yoldaşları arasında o “Müəllim” idi...

XƏBƏRLƏR
  • İmran idman müəllimi idi. Amma o özünü daha çox peşəkar hərbçi kimi hiss etdiyindən bu sahədə çalışmağa üstünlük vermişdi. Buna görə də hərbi xidmətini başa vurub müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət edirdi. Döyüş yodaşları deyirlər ki, Vətən müharibəsində İmran və onun qrupu Füzuli istiqamətində gedən savaşlarda düşmən qüvvəsinin arxasına keçərək bir neçə postu ələ keçirib və ermənilərin canlı qüvvəsini məhv edib. Ancaq həmin döyüş İmranın son döyüşü olub. İgid döyüşçü Aprel döyüşlərində də şücaətlər göstərmişdi...

Bu gün qəhrəman şəhidimiz, çavuş İmran Cahangir oğlu Məmmədlinin doğum günüdür. O, 1985-ci il avqustun 9-da Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. 1991-2002-ci illərdə Gəray Əsədov adına Beyləqan rayon Birinci Şahsevən kənd 1 saylı tam orta məktəbində orta təhsil alıb.  İmran Məmmədli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra Quru Qoşunlarının "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılan İmran Məmmədli kursları bitirib və yenidən ordu sıralarına qayıdaraq müddətdən artıq hərbi xidmət qulluqçusu kimi hərbi xidmətinə davam edib.

Tariximizə Aprel döyüşləri kimi yazılan savaş zamanı İmran Məmmədli müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Həmin döyüşlərdə mərdliklə vuruşan İmran Məmmədli bundan sonra hərbi xidmətinə davam edib. O, Aprel döyüşlərində və hərbi xidmət müddətində fərqləndiyi üçün hərbi hissə rəhbərliyi tərəfindən bir çox fəxri-fərman və təşəkkürnamələrlə təltif edilərək "Çavuş" rütbəsi qazanıb. 

Azərbaycan Ordusunun çavuşu İmran Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Cəbrayıl, Qubadlı, Zəngilan və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. İmran Məmmədli 2020-ci il oktyabrın 25-də Füzuli rayonunun Kürdlər kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.

Hərbçi yoldaşları onu "müəllim", deyə çağırıblar. Çünki ali təhsilli idman müəllimi idi və taekvondo ilə məşğul olurdu. İmran hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Müqaviləsi bitdikdən sonra bir müddət uşaqlara məktəbdə hərbi təlim keçib.
Şəhidin atası Cahangir Məmmədov bildirib ki, oğlu Aprel döyüşlərində də şücaət göstərib: "O arxayın idi ki, biz zəfər çalacağıq. Bizə son zəngdə demişdi ki, yaxın günlərdə qələbə bizim olacaq. Ondan narahat qalmamağımızı istəmişdi".

Şəhidimiz ailəli idi, onun iki qız və iki oğlan olaraq 4 övladı Vətənə  yadigar qalıb.

Çavuş İmran Məmmədli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şanlı Vətən Müharibəsində şəhidimizin doğmalarının da dediyi kimi, qazandığımız Zəfər, torpaqlarımızın azadlığı məhz İmran kimi oğulların sayəsindədir.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər