Emil İsgəndərov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Emil İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb. O, Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil İsgəndərov noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdihamla Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Emil İsgəndərov ölümündən sonra "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun İbrahim və Nicat adında iki oğlu Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD