2004-cü il iyulun 27-də İmişli şəhərində dünyaya göz açan Əzizalıyev Seymur Teyyub oğlu evin sonbeşik övladı idi. Seymurun hələ kiçik yaşlarında hərb sənətinə böyük marağı vardı. O, həm də vətənpərvərliyi, əxlaqı və davranışı ilə seçilib. 2020-ci ildə Vətən müharibəsi zamanı 10-cu sinif şagirdi olan Seymur hərbçi olmağı qərara alıb. Orta məktəb vaxtlarında güləş və kikboksinqlə məşğul olan Seymur 2022-ci ildə hərbi xidmətə yollanıb, çevikliyi və bacarığı sayəsində normativlərin öhdəsindən layiqincə gələrək xüsusi təyinatlılar sırasında kəşfiyyatçı olaraq yer alıb. 2023-cü ilin sentyabr ayında antitterror tədbirləri zamanı Seymur da döyüşə qoşulanlardan biri olub. O, qarşıya qoyulan döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək Xocavənd və Xocalı ərazisində gedən əməliyyatlarda iştirak edib. Növbəti əməliyyat tapşırığı yeri olan Xankəndi istiqamətində düşmən tərəfindən atılan minomyot mərmisi Seymurun yaxınlığına düşüb və o, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. (AZERTAC)