25.09.2023, 14:04
AZ EN
10.08.2022, 09:40 209

Belə bir oğul olmamışdı

XƏBƏRLƏR
  • Bu gün 2-ci Vətən Müharibəsi şəhidi, polkovnik-leytenant Yaşar Füzuli oğlu Sadıqovun doğum günüdür. O, 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Yaşar Sadıqov 1995-ci ildən Silahlı Qüvvələrimizin sıralarında xidmət edirdi.

2020-ci il sentyabrın 27-də başlanan 2-ci Vətən Müharibəsində o, Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. Döyüş yoldaşlarının dediklərinə görə, elə igid oğul idi ki, düşmən onu aradan götürmək üçün mükafat belə ayırmışdı. 2020-ci il oktyabrın 2-də Murovdağ döyüşləri zamanı bu qəhrəman oğul Kəlbəcər rayonu ərazisində, Ömər aşırımında şəhid olur. Nəşi düz 5 aya yaxın müddətdən sonra tapılır. Polkovnik-leytenant Yaşar Sadıqov böyük el məhəbbəti ilə 2021-ci il fevralın 27-də 2-ci Şəhidlər Xiyabanında dəfn edilib.

Hələ müharibədən əvvəl bir hərbçi kimi “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələri veteranı”, “Azərbaycan Ordusunun 100 illiyi” kimi medallarla təltif edilmişdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə də təltif edildi.

Onun valideynlərini dinlədikcə həm kövrəlir, həm də qürurlanırıq. Atası Füzuli kişi deyir ki, dünyaya belə bir oğul gəlməyib. Amma bunu təkcə  doğmaları söyləmir, komandirləri, döyüş yoldaşları, onu tanıyan hər kəs belə deyir... Füzuli kişi deyir ki, Yaşar evdə çox sadə, mehriban və qayğıkeş idi. O işinin çətinliklərini heç vaxt ailəsinə daşımırdı. Elə oğlu da babasının sözlərini təkrarlayır. Deyir, atam çox mehriban və zarafatcıl insan idi. Bizi vətənpərvər ruhda böyüdürdü və yaxşı oxumağımızı tövsiyyə edirdi. Yəqin elə buna görə də, oğlu da atası kimi belə mərd böyüyür. Deyir ki, mən də atamın yoluyla getmək, Vətənim uğrunda çalışmaq, yeri gəlsə vuruşmaq istərdim... Yaşarın bir oğlu və bir qız övladı yadigar qalıb. İkisi də atalarına layiq olmağa çalışır. İkisi də ali məktəb tələbəsidir. Polkovnik-leytenantın ata-anası bir şəhid valideyni kimi onlara nə qədər çətin olsa da, “oğul düşmən çəpəridir”, deyirlər. O, təkcə bizim balamız deyildi ki, elin, Vətənin övladı idi ... Həyat yoldaşı söyləyir ki, əslində səhhətindəki problemlə bağlı ona qospitalda müalicə olunmağını təklif etsələr də, Yaşar Vətənin dar günündə özünü düşünmədi və Şəhid oldu...

Doğum günün mübarək, Vətən oğlu, biz hamımız Sizin kimi oğullarla qürur duyuruq!

Mina RƏŞİD

Oxşar xəbərlər