Birliyin sədri Xatirə Vəliyeva "Vetensesi.az"-a bildirib ki, bu layihə çərçivəsində Ağcabədi rayonunda məskunlaşan keçmiş məcburi köçkünlərlə görüşlər keçirilir. Görüşlərin əsas məqsədi “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın səmərəli icrasının təmin edilməsi və keçmiş köçkünlərin problemlərinin həlli istiqamətində müzakirələrin aparılmasıdır.
Layihə çərçivəsində təşkil olunan görüşlərdə keçmiş məcburi köçkünlərin problemləri dinlənilir və onların qayıdış prosesində qarşılaşdıqları çətinliklər müzakirə olunur. Həmçinin, köçkünlərə dövlət proqramının tələbləri və imkanları haqqında məlumat verilir, onların inteqrasiyası və sosial adaptasiyası üçün nəzərdə tutulan tədbirlər barədə geniş məlumatlandırma aparılır.
X.Vəliyeva qeyd edib ki, layihə iştirakçıları arasında yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, sosial işçilər və müvafiq dövlət qurumlarının əməkdaşları da yer alır: "Görüşlərdə köçkünlərin məşğulluq, təhsil, sağlamlıq və sosial təminat məsələləri üzrə sualları cavablandırılır və onların problemlərinin həlli üçün zəruri addımlar atılır",-deyə Birliyin sədri deyib.
Tahirə AĞAMİRZƏ