22.11.2024, 06:59
AZ EN
12.06.2024, 17:51 195

Media nümayəndələri “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən təlimdə iştirak ediblər

XƏBƏRLƏR
  • "İnsan hüquqları aylığı” çərçivəsində iyunun 12-də media subyektlərinin nümayəndələri Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi insan hüquq və azadlıqlarının qorunması mövzusunda keçirilən təlimlərə qatılıblar.

Təlimin keçirilməsində əsas məqsəd mediada paylaşılan xəbərlərdə insan hüquqlarının pozulması hallarının qarşısını almaq, gender və hüquq bərabərliyi üzərində qurulmuş mənəvi dəyərlərin təbliğindən, cəmiyyətdə insan ləyaqətinə hörməti və insan hüquqlarına əməl olunmasının zəruriliyinin önə çəkilməsindən, həmçinin jurnalistlərdə peşəkar yanaşma keyfiyyətlərinin təşviqindən ibarətdir.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev insan hüquqlarının müdafiəsi sahəsində təşkil edilən silsilə maarifləndirici təlimlərdən söz açıb. Bildirib ki, İnstitut təkcə dövlət qurumlarının əməkdaşları deyil, həm də bu istiqamətdə davamlı olaraq geniş ictimaiyyət üçün təbliğat və təşviqat tədbirləri həyata keçirir.

Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova tədbirin İnsan Hüquqları Günü ərəfəsində keçirilməsinə diqqət çəkərək media məhsullarının hazırlanması zamanı insan hüquq və azadlıqlarına əməl edilməsinin müstəsna əhəmiyyət daşıdığını, həm “Media haqqında” Qanunun, həm də Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının bu məsələyə münasibətdə birmənalı və həssas yanaşma sərgilədiyini diqqətə çatdırıb. O, həmçinin Agentlik tərəfindən müvafiq istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

İnstitutun təlimçi-ekspertləri “Jurnalistlərin Etik Davranış Qaydalarının prinsipləri”, “BMT-nin Uşaq Hüquqları və Avropa İnsan Hüquqları konvensiyalarının müddəaları”, mediada və sosial şəbəkələrdə insanlar arasında ayrı-seçkiliyi təbliğ edən və nifrət nitqinin yaranmasına səbəb olacaq xəbərlərin paylaşılmasının qarşısının alınması mövzusunda əhatəli təqdimatlarla çıxış ediblər.

Müzakirələr zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb, kazuslarla bağlı maraqlı təkliflər səsləndirilib və təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu 18 may -18 iyun tarixlərində “İnsan hüquqları aylığı” çərçivəsində Medianın İnkişafı Agentliyi ilə birgə insan hüquqları mövzusunda media nümayəndələri üçün maarifləndirmə yönümlü ictimai çağırış kampaniyasına start verib. Kampaniyanın sosial media üçün nəzərdə tutulmuş ilk posterində nifrət nitqi ilə bağlı ictimai çağırış yer alıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR