19.12.2024, 03:53
AZ EN
10.06.2024, 09:49 274

Azərbaycanlı kosmonavt: “Türkiyə və Azərbaycan bayraqları ilə kosmosa çıxmaq mənim üçün çox fərqli məna daşıdı”

XƏBƏRLƏR

Türkiyənin azərbaycanlı kosmonavtı Tuva Cihangir Ataseverin AZƏRTAC-a müsahibəsi:

- Tuva, Yerə bir daha xoş gəlmişsiniz. Azərbaycana və Türkiyəyə böyük qürur yaşatdınız. Buna görə, sizə təşəkkür edirəm və sizi təbrik edirəm. Uçdunuz və səmadan dünyaya baxdınız. Nə hiss etdiniz?

- Kosmosa gedən yolda əsasən bir neçə dinamik proses baş verdi. Birincisi, daşıyıcı təyyarədən ayrılmağımız, daha sonra raket mühərrikinin alovlanaraq işə düşməsi və bir dəqiqəlik qısa müddətdə 3 Ma, yəni 3 qat səs sürəti ilə yuxarı çıxmağımız olduqca dinamik proses idi. Təbii ki, oradakı hisslər, duyğular, həyəcanlar çox yüksək idi. Raketin mühərriki susduqdan sonra mikroqravitasiya (çəkisizlik) vəziyyəti yarandığı zaman mən dərhal üzərimdəki təcrübə vasitələri ilə bağlı bəzi işlər görməli idim. İlk 30-40 saniyə arasında onlarla məşğul oldum. Onlar bitdikdən sonra kəmərimi açıb uçmağa başladıqda bunun uşaq kimi həyəcanını yaşamaq şansını əldə etdim. Olduqca özəl bir təcrübə idi. Mikroqravitsiya, çəkisiz olmaq Yer üzərində yaşaya biləcəyimiz bir təcrübə deyil. Havada quş kimi uçursan, amma bunu qanadların olmadan edirsən. Bu, çox böyük zövqverici hissdir. Kabinənin içərisində bəzi yerlərdən tutub özünü tənzimləməyə çalışmaq çox qəribə, öyrəşmədiyimiz bir vəziyyətdir. Aşağı və ya yuxarı yoxdur. Yerdə qravitasiya səbəbi ilə haranın aşağı və ya yuxarı olduğunu bilirik, amma kosmosda elə deyil. Təbii ki, istiqamət var, amma siz bundan asılı olmayaraq, özünüzü fırlada bilirsiniz. Bu olduqca əyləncəli idi, amma ən özəl tərəflərindən birinin pəncərədən baxarkən atmosferin maviliyini görüdüyüm an olduğunu deyə bilərəm. Həm Türkiyəyə, həm də Azərbaycana bu anı yaşatmaq, qolumda və sinəmdə hər iki bayraqla oraya çıxmaq təbii ki, bu təcrübəni, bu uçuşu mənim üçün çox daha fərqli mənaya daşıdı. Bunu bacarmaqdan son dərəcə xoşbəxtəm.

- Azərbaycanda da sizin uçuşunuzu böyük həyəcanla gözləyirdilər. Sinənizdə iki bayraqla uçacağınıza dair açıqlamanız Azərbaycanda bir deyimə çevrilmişdi. Azərbaycan sizin üçün nə deməkdir? Bu barədə hisslərinizi bilmək istərdim.

- Bizim məşhur deyimimiz var - “Bir millət, iki dövlət”. Bizim iki bayrağımız var, amma bir millətik. Beləliklə, bu iki dövlətin bayraqları yer üzündə necə yan-yanadırsa, xoş gündə, pis gündə necə yanaşıdırsa, kosmosda da bu bayraqların sinəmdə yan-yana olmalı olduğunu hiss etdim. Bunu hiss etmək, 3 dəqiqəlik də olsa, bu iki bayrağı yan-yana kosmosa daşıya bilmək, bu iki bayrağa çiyin-çiyinə mikroqravitasiyanı, çəkisizliyi yaşada bilmək çox böyük bir qürur verdi. Daha uzun illər Türkiyə və Azərbaycanın birlikdə kosmik texnologiyalar sahəsində sıçrayışlar edəcəyinə, bu sahədə əldə edəbiləcəyimiz əlavə imkanlar sayəsində insanlarımızın yaşam standartlarını yuxarı daşıya biləcəyimiz gələcəyi bizə göstərəcəyinə çox ümid edirəm.

- Bəs, bayraqlarla bağlı planınız nədir?

- Bildiyiniz kimi, Türkiyə bayrağını mənə Prezidentimiz Rəcəb Tayib Ərdoğan 2023-cü ildə İstanbulda keçirilmiş və bizi Türkiyəyə və bütün dünyaya elan etdiyi TEKNOFEST-də təqdim etmişdi. Birini Alper Gezeravcıya, digərini də mənə vermişdi. Bayraqla bağlı planım odur ki, Türkiyəyə qayıtdıqdan sonra prezidentimizə geri verim. Azərbaycan bayrağı ilə bağlı isə planım odur ki, onu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təslim edib, bütün Azərbaycan xalqına göstərim.

- Kosmosda bəzi elmi təcrübələr aparacağınız qeyd edilmişdi. Nə kimi təcrübələr gerçəkləşdirildi və bunların nəticələri nədən ibarətdir?

- “Qalaktik 7” missiyası çərçivəsində 7 fərqli elmi təcrübə həyata keçirdik. Bunlardan 3-ü xüsusi olaraq hazırlanmış uşuş geyimim üzərində kosmosa daşıdığım təcrübələr idi. 4-ü isə insan fiziologiyası təcrübəsi olaraq adlandırdığımız araşdırmalar idi. Bunlar bu uçuşun insan bədənində nə kimi dəyişikliklər yaratdığını ortaya qoymağı hədəfləyən, hüceyrədənkənar veziküllərdən metabolik dəyişikliklərə, genetik xəritəmizdə, genlərimizdə formalaşan metamorfozlardan bir qrup xərçəng hüceyrələrinin davranışlarına qədər geniş miqyasda araşdırmalar apardığmız 4 insan fiziologiyası təcrübəsidir. Bunların hər birinin nəticələri həm Türkiyəyə, həm də dünyadakı kosmos ədəbiyyatına, elmi ədəbiyyata çox vacib töhfələr verəcək. Beyindəki qan dövranını təhlil etdiyimiz təcrübə ilə ilk dəfə kosmik uçuşun bütün mərhələlərində beyinin prefrontal korteks bölgəsində qan yayılması və oksigenin ölçməsi həyata keçirildi və eyni zamanda araşdırmaçılar uçuşun bütün mərhələlərində CSF adlandırılan onurğa iliyi mayesinin kəllə sümüyündəki təzyiq dəyişiminə təsirini təhlil etmək şansını əldə etdilər. Normalda astronavtlar kosmosa uçarkən başlarına bu cür qurğuların yerləşdirilməsi uyğun olmaya bilir. Amma “Unity” ilə həyata keçirdiyimiz bu missiyada bunu edə bildik və həm yüksək qravitasiyaya məruz qaldığımız, həm də mikroqravitasiyaya keçid anlarında beyin içərisində təzyiqin dəyişməsi və onurğa iliyi mayesinin buna təsiri ilk dəfə araşdırılaraq ortaya qoyulacaq. Eyni şəkildə sağ ayağımda daşıdığım insulin qələmi testi ilə ilk dəfə mokroqravitasiya şəraitində 2 fərqli doza ötürmə mexanizmi olan insulin qələminin dozaları tənzimlənərək müvafiq toplama qablarına ötürülüb. Araşdırmaçılarımız bu doza köçürmələrinin effektivliyini təhlil etməklə insanların, xüsusilə diabet xəstələrinin gələcəkdə dünya orbitində inşa ediləcək bır sıra ticari kosmik stansiyalarına gedərək daha uzun yaşamasına imkan yaradacaq təcrübələri gerçəkləşdirdilər. Bir digər avadanlıq təcrübəmiz isə sağ qolum üzərində daşıdığım Orta Doğu Texniki Universitetinə məxsus radiasiya ölçmə cihazı idi. Bilirsiniz ki, bir çox azərbaycanlı tələbə də bu universitetdə təhsil alaraq həm Azərbaycanda, həm Türkiyədə texnoloji inkişaf sahəsində çalışır. Bu təcrübə ilə uçuşun bütün mərhələlərində nə qədər ionlaşmış radiasiyaya məruz qaldığım ölçüldü. Araşdırmaçılarımız bu nəticələri önümüzdəki aylarda ortaya qoymuş olacaqlar.

- Bundan sonrakı planlarınız nədən ibarətdir və gənclərə nə tövsiyə edirsiniz?

- Düşünürəm ki, həm Türkiyə, həm də Azərbaycan qravitasiyada istehsal fəaliyyətlərinə üstünlük verməlidir. Dünyada bəzi kompleksləri və bir çox materialları effektiv şəkildə istehsal edə bilmirik. Çünki yerdəki cazibə qüvvəsi xarab olmağa daha meylli materialların istehsal imkanını aradan qaldırır. Çünki cazibə qüvvəsi sedimentasiya səbəbindən onları aşağı çəkir. Amma orbitə getdikdə və yerin cazibə qüvvəsindən qurtulduğumuz zaman içərisində birdən daha çox komponenti birləşdirən kompleks və çox tərkibli (qatı, maye, qaz və bəzən də gel tərkibli) maddələrin istehsalını gerçəkləşdirmək mümkün olur. Həm qeyri-üzvü metal ərintilər - şüşə və fiberoptik kabellər, həm də üzvü materialların istehsalını qravitasiya şəraitində istehsal etmək mümkün ola bilir. Bu da insan hüceyrələrini orbitdə istehsal edib daha sonra transplantasiya üçün dünyaya göndərə biləcəyimiz gələcəyin çox uzaq olmadığına işarə edir. Beləliklə, milyardlar və hətta trilyon dollarla dəyərləndirilən bu qravitasiyada istehsal fəaliyyətlərindən həm Türkiyə, həm də Azərbaycanın maksimum pay alması üçün texnoloji addımlarımızı genişləndirməli və insan resurslarımızı buna görə planlamalıyıq. Buradan gənclərə demək istəyirəm ki, əgər bu sahəyə maraqları varsa, kosmik texnologiyalar sahəsində karyera qurmağı düşünürlərsə, bu xəyalları qursunlar, sonra bunları gərçəkləşdirməyin mümkün ola biləcəyi hədəflərə çevirməyin yollarını tapsınlar və tələbkar olsunlar. Bəlkə də ən önəmlisi tələbkar olmaqdır. “Öz millətimə töhfə verəcəyinə ürəkdən inandığım bu sahədə fəaliyyət göstərmək istəyirəm” desinlər və gəlib bizləri tapsınlar, bizdən kömək istəsinlər, biz də sevə-sevə yardım edib, sonra toplanıb birlikdə kosmosa çıxaq.

Oxşar xəbərlər