15.03.2025, 00:30
AZ EN
07.06.2024, 14:24 441

Kəndimizin azad olması hər birimizi pərvazlandırır

XƏBƏRLƏR
  • Qazax rayonunun işğaldan azad edilən kəndlərindən biri də Qızılhacılı kəndidir.  Qızılhacılılar doğma kəndlərinin geri qaytarılmasının sevincini yaşayırlar.

Cəfər Xasayev:

-Vətən məvhumu ayrı bir məvhumdur. Onu heç nə ilə əvəz eləmək olmur.

Bir dənə  ev orda salamat qalmayıb. Evlərin hamısına od vurublar.

32 il idi ki, onun həsrətini çəkirdik...

Mən 1944-cü il sentyabrın 19-da Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşam. 1962-c ilə qədər, yəni 18 il həmin kənddə yaşamışam və oxumuşam. 1962-ci ildə İnstituta qəbul olunandan sonra  istər tələbə vaxtı, istər Bakıda qalıb işlədiyim vaxtlar hər yayda kəndlə əlaqəmiz olub. Kəndimiz dağın ətəyində yerləşir. Kəndin yuxarı hissəsi, dağ hissəsi çəmənlikdir. Kəndimizin zəngin meşəsi vardı.

Kəndin işğalı 1992-ci il may ayının 11-nə təsadüf edirdi. Onda biz Bakıda yaşayırdıq və kəndlə daimi əlaqəmiz var idi. Dedilər ki, erməni vandalları dağlardan tanklarla kəndə daxil olublar və bu zaman kənd camaatı nəyi var, evində qoyaraq, heç bir şey götürmədən kənddən çıxmışdılar. Erməni vandalları bütün evlərə od vurub hamısını yandırmışdı.

Qızılhacılı Azərbaycana təhvil veriləndən sonra mən zəng elədim, qardaşıma, qohumlara, oranın el ağsaqqalı var, Yolçu müəllim, 92 yaşı var, zəng elədim, hiss elədim ki, bunlar böyük bir sevinc içərisindədilər. Telefonda belə hiss edirdim ki, onlar sevincdən pərvazlanıblar. Hamı sevincini bir-biri ilə paylaşırdı. Bax, belə gözəl bir hiss keçirirdilər...

Birinci gedib o yanmış evimizi ziyarət edəcəm. Lap bərpa olmamış evləri, kəndin yollarını ziyarət etmək istəyirəm. Ancaq gözləyirəm ki, minalardan təmizlənsin, gedim o tarpağımızı öpüm. 3 aydan sonra 80 yaşım olacaq. Gücüm çatdığı qədər kəndi gəzəcəm, ziyarət edəcəm.

Yaqut Bayramova:

-Anamın dəfn olunduğu yer öz kəndi olmadı. O da bizə çox pis təsir eləmişdi...

Mən 1949-cu ilin oktyabrında Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşam. Orda böyümüşəm, məktəbə getmişəm. O kəndlə bağlı gözəl xatirələrim var. Orta məktəbi qutarandan sonra Gəncə Pedaqoji İnstitutunda təhsil almışam. Evlənəndən sonra isə Bakıya gəlmişəm. Kəndimizin təmiz, sərin havası vardı. Evli olduğum vaxt uşaqlarla kəndə gedirdim. Orda çox gözəl gün keçirirdik.  Elə vaxt olub ki, mən aylarla orda qalmışam. Kənd camaatı, qohum-əqraba hamı bir-biri ilə çox mehriban idi. Orda bir dəfə də olsun insanlarda kin-küdurət görmədim.

Həmin o məlum gün insanlar evdən o qədər həyacanla çıxmışdılar ki, bir çox şeylər hamısı qalmışdı evdə. Kəndlə bağlı şəkillər, hər şey qalmışdı. Təkcə bizim ailədə yox, kənd camaatının hamısında eləydi. Mən orda yaşamışam, orda böyümüşəm. Hər şeyim orayla bağlıdır. Ona görə də o Qızılhacılı kəndi mənim üçün çox əzizdir.

Qızılhacılının geri qaytarılmasını eşidəndə hamı bir-birinə zəng edib gözaydınlığı verirdilər. Artıq bilirik ki, bizim Qızılhacılı kəndimiz azaddır. Hər şey düzələcək, bərpa olunacaq. Bütün bunlar bizi çox sevindirir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR