Eyni anadan doğulan oğullara qardaş, Ana Vətən üçün şəhid olan oğullara isə qəhrəman deyirlər...
Zaur da qəhrəmanlıq tarixini qanıyla yazan oğullarımızdandır...
Xocalıda şəhid edilən 5 yaşlı qızın məzarı onun and yeri imiş. Hər bayramda həmin məzarı hədiyyələrlə ziyarət edən Zaur torpaqlarımızın işğaldan azad olunması arzusuyla yaşayıb. Bu arzusuna da çatdı. Vətən müharibəsinin əvvəlindən döyüşlərdə iştirak edən Zaur İsmayılzadə bir çox uğurlu əməliyyatlarda fərqlənib. O, oktyabrın 9-da Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
Zaur İsmayılzadə 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub. 2001-2012-ci illərdə şəhid Vüqar Məmmədov adına Cəlilabad rayon Göytəpə şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.
Anası Sevil Hüseynova şəhidimiz haqqında deyir ki, o qədər vətənpərvərlik ruhunda böyümüşdü ki, körpəliyində həmişə oyuncaqları silah, tank, əsgər olurdu və o vaxtdan istəyirdi ki, qisas alsın. Mübariz İbrahimov şəhid olandan sonra oxuduğu məktəbdə öz siniflərində ona aid guşə açmışdı. Müəllimi Samirə xanım həmişə deyirdi ki, Zaur hər gün Mübarizin şəklinə hərbi salam verib, sonra keçib sinifdə oturur.
Bacısı Xavər Yusifova deyir ki, hər dəfə bizə gələndə uşaqlara əsgər oyuncaqları alırdı, 3 yaşlı oğlum Mehdiyə deyirdi: “Vətəni sevməyi öyrən!” Yəni o yaşda uşağa hərbi öyrətməyə çalışırdı... Qəhrəmanımız nəinki bacısının övladlarına, ətrafında olan hər kəsə bu ruhu, bu istəyi aşılamağa çalışıb.
Aprel döyüşlərinin də iştirakçısı olan Zaur İsmayılzadə hərbi xidməti başa çatdırdıqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi də ordu sıralarında xidmətini davam etdirməyə qərar verib.
“Artıq biz məğlub xalq yox, qalib xalqıq. Bu, birliyimizin sayəsində, Zaur kimi şəhidlərimizin, qazilərimizin sayəsində, Ali Baş Komandanımızın sayəsində mümkün olub,” - bu sözləri isə şəhidimizin qohumu Səyyaf Məmmədov deyir.
“Bəlkə, nə vaxtsa mənsiz görüşsək, inanın şəhidliklə təmizlənmiş ruhum yanınızda olacaq”. Bəli, bu Zaurun ən böyük arzusu idi və arzusuna çatdı. İndi üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca zaurların ruhları sevinir və onların xatirəsi əbədi yaşayacaq.
Qəhrəmanımız ölümündən sonra “Vətən uğrunda”, “Cəsarətli döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidimizə rəhmət eləsin.
Tahirə AĞAMİRZƏ