22.12.2024, 12:52
AZ EN
28.07.2022, 09:40 555

“Murov aslanı” qürurla anılır

XƏBƏRLƏR
  • Böyük sevgiyə, həm də el məhəbbətinə layiq olan “Murov aslanı” şəhid mayor İlkin Rzayevin doğum günüdür bu gün...

Mayor Rzayev İlkin Cəfər oğlu 1984-cü il iyulun 28-də Şərur rayonunun Ələkli kəndində anadan olub. O, orta təhsilini 1990–1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995–2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2006-cı ildə hərbi məktəbi bitirərək "Leytenant" rütbəsini qazanıb. 2006–2007-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlayıb. 2009-cu ildə "Baş Leytenant", 2013-cü ildə "Kapitan", 2017-ci ildə isə "Mayor" rütbəsinə yüksəlib. İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənib.
2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində mayor İlkin Rzayev döyüşdə öz yüksək hərbi bacarığı, cəsurluğu ilə fərqlənib. Murov dağı istiqamətində gedən döyüş zamanı, hərbi hissənin döyüş hazırlığına rəhbərlik edib. Mayor Rzayev həmin döyüşlər zamanı ona tapşırılan istiqamətdə vəziyyəti tam ələ alıb, qəhrəmancasına vuruşub. Silah yoldaşları arasında "Murovun aslanı" kimi tanınan mayor Murov yüksəkliyinin alınmasında böyük şücaət göstərərək bizə qələbə sevincini yaşadıb. Bir insan kimi də, yüksək mənəvi keyfiyyətlərə malik olan İ.Rzayev digər dəstənin mühasirəyə düşdüyünü görən kimi təkbaşına onlara köməyə gedib və oktyabrın 2-də qəhrəmancasına şəhadətə yüksəlib.

Həmin vaxt onun nəşini götürmək mümkün olmayıb. Müqəddəs şəhidimizin düz 2 ay axtarışdan sonra qar altından cəsədi tapılıb və 2-ci Fəxri Xiyabanda dəfn edilib. Əsgərləri onun haqqında ürəkdolusu  danışırlar. Deyirlər ki, Murovdağ istiqamətində mühasirəyə düşdük. Mayorla aramızda 2-3 km məsafə olardı. O, bizim mühasirədə olduğumuzu müşahidə məntəqəsindən görüb, silahını götürərək köməyə gəlib. Ora yetişəndə, zabit heyətindən sağ qalan olmadığını görüb. Mühasirədə olan 30-40 əsgəri xilas edib. Dediyi hər bir kəlmə bu günə qədər hərbi hissədə dillər əzbəridir.

Şəhid mayor İlkin Rzayevin anası deyir ki, mən indi başa düşdüm  oğlum vətəni, torpağı bizdən çox sevirmiş. Bax ona görə onunla fəxr edirəm. Həyat yoldaşının şəhid olacağını yuxusunda görən Zeynəb xanıma görə isə İlkin yaşayır və heç vaxt ölməyəcək. Bunu qəhrəmancasına şəhid olmuş həyat yoldaşının tabutuna çiynini verərkən, ordu nizami ilə gedən heyətin qarşısında əlində şəhidinin şəkli qürurla  addımlayarkən də hiss etmək olur. Şəhid xanımı deyir ki, ikinci bir ömrüm olsaydı yenə bu həyatı, onu seçərdim... Nur və Əli kimi iki gözəl balaya, şəhid yadigarına ana olan Zeynəb xanım böyük sevgisi və təmkini ilə şəhid xanımlarına bir örnəkdir...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra  “Vətən uğrunda”, “Azərbaycan bayrağı”, “Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Ruhun şad olsun, məzarın nurla dolsun, şəhidim! Vətən Sizə oğul deyir!

Mina RƏŞİD

Oxşar xəbərlər