Qərib Baxşəliyev 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib.
Qərib Baxşəliyev 2000-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Taqım Komandiri, 2002-2010-cu illərdə həbi liseyin Tədris Bölüyünün Komandiri, 2010-2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014-2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib.
2016-2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.
Polkovnik-leytenant Qərib Baxşəliyev sentyabrın 27-də başlanan Vətən müharibəsinə iki gün sonra, ayın 29-da qoşulub. Şəhidin yaxınlarının sözlərinə görə, o, əslən Laçından olduğu üçün, daim torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyib və ən böyük arzusu Laçında bayrağımızı dalğalandırmaq olub.
Q.Baxşəliyevin atası İnqilab Baxşəliyev bildirir ki, oğlu hər dəfə ailəsi ilə əlaqə saxlayanda evlərinə yaxınlaşdığını söyləyirmiş: "Şəhidə ağlamaq düzgün deyil, çünki onlar qalibdirlər, bu yolda qələbə çalıblar. Ona görə də, şəhidlər ölməyib, sağdırlar".
Həyat yoldaşı ilə sonuncu dəfə noyabrın 2-də əlaqə saxladığını deyən Gülnarə Baxşəliyeva noyabrın 4-də Qərib Baxşəliyevin şəhid olması xəbərini alıb. "Danışanda hər dəfə qələbəyə az qaldığını, düşməni qovduqlarını deyirdi. Noyabrın 2-si danışanda dedi ki, möhkəm olun, hər şey ola bilər. Ayın 3-ü onunla əlaqə kəsildi. Sonra isə şəhid olduğunu öyrəndik. Bizə dedilər ki, Zəngilan ərazisində postları yoxlayarkən dumanda yolu azaraq, mühasirəyə düşüb, axıra qədər döyüşüb, sonra da əsir düşməmək üçün son gülləsini özünə vurub".
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda","İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz 2-ci Fəxri Xiyabanda böyük izdihamla dəfn edilib. Onun üç övladı Vətənə yadigar qalıb.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD