18.12.2024, 16:13
AZ EN
14.05.2024, 14:52 294

Şərqi Zəngəzur sakinlərinin yeni və gözoxşayan evləri...

XƏBƏRLƏR
  • Hər bir sakinin çöhrəsində nur, qəlbində sevinc, dilində dua var. Çünki yurda qovuşmaq arzuları 32 ildən sonra gerçəkləşib. Bu ay Laçın rayonunun Sus kəndinin sakinləri üçün fərqli yadda qaldı. Prezident İlham Əliyev evlərinə köçən sakinlərlə görüşdü, onların təəssüratlarını öyrəndi.

Bəli, yenidən həyat qazanan yaşayış məntəqələrimizdən biri də Laçın rayonunun Sus kəndidir. Cənab Prezident Laçına səfəri zamanı Sus kəndində də oldu və bu kəndə yeni köçmüş sakinlərlə görüşdü. Onların mənzil şəraiti ilə yaxından tanış oldu. Bu isə bir daha ölkəmizin başçısı cənab İlham Əliyevin sadə vətəndaşı belə diqqətdə saxladığının bariz nümunəsidir.

Sus kənd sakini,Vəzifə Muradova:

-Sevincimizdən bilmədik nə edək, nə söz deyək. Mən birinci cənab Prezidentimizə cansağlığı arzulayıram. Allahdan arzu edirəm ki, həmişə Onun başı ucalardan uca olsun. O, bizə belə bir sevinc yaşatdı. O qədər sadədir ki, uşaqla-uşaq kimi, böyüklə-böyük kimidir. Bizə belə gözəlbir şərait yaradıb. Çox sağ olsun!

Qeyd edək ki, burda 25 hektar ərazini əhatə edən kənddə 13 iki otaqlı, 28 üç otaqlı,  14 dörd otaqlı və  4 beş otaqlı fərdi ev tikilib.  132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq  meydançaları yaradılıb.

Ermənilərin darmadağın etdikləri yerlərdə bu gün həyat canlanır. Burda artıq güllə yox, gülüş sədaları eşidilir.

Sus sakini, Bəykişi İsgəndərov:

-Gəldik indi, Allaha şükür, öz evimizə, öz eşiyimizə, öz Vətənimizə, öz doğulduğumuz torpağımıza. Allah Prezidentimizin canını sağ eləsin. Şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun.  Qazilərimizə Allah şəfa versin.

Sus sakini, Oktay İsgəndərov:

-Biz 32 illik ayrılıqdan sonra yenidən elimizə, obamıza qovuşduq. Bir sevindirici hal da ondan ibarətdir ki, qayıdışımızla bir gündə cənab Prezidentimizlə evimizin qarşısında görüşdük. Bəli, çox səmimi bir söhbət oldu. O, bizə uğurlar dilədi. Biz cənab Prezidentimizə minnətdarlıq etdik. Bunlar çox gözəl hisslərdir. Mənə elə gəlir ki, bütün həyatımız boyu unudulmaz bir hisssdir.

Səmimi, xoş təəssüratlı görüş isə son deyil. Çünki bu torpaqların hər qarışında onun həqiqi sahiblərinin yurd-yuvaları qurulur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər