20.10.2024, 17:00
AZ EN
10.05.2024, 09:42 373

Ulu Öndər və Azərbaycanda multikulturalizmin banisi

XƏBƏRLƏR
  • Tarixin ən qədim dövrlərindən bu günədək Azərbaycan müxtəlif dinlərin, etnik qrupların məskunlaşdığı multikultural məkan olmuşdur. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq insanlar arasında bərabərlik, bir-birinin adət və ənənələrinə hörmətlə yanaşma prinsipləri əsrlər boyu inkişaf etmiş, Azərbaycanın dövlətçilik ideyalarını daha da zənginləşdirmişdir. Dinlərarası vahid tolerant münasibətlərin formalaşması isə ölkədə Azərbaycançılıq ideyalarının inkişaf etməsinə əsaslı zəmin yaratmışdır. Ulu Öndərimiz Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etmək üçün uzaqgörənliklə yeni inkişaf ideolgiyası irəli sürdü. Gələcək inkişafın əsasını Azərbaycançılıq ideolgiyası zəminində izah edərək bildirdi: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür.  Biz bunu qiymətləndiririk və qoruyub saxlayacayıq”

Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Azərbaycançılıq ideologiyası və onun rəhbərliyi dövründə hazırlanan bütün hüquqi əhəmiyyətə malik olan sənədlərdə öz əksini tapdı. Onun təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan milli, etnik, dini azlıqların hüquq bərabərliyinin qorunması sənədində tam şəkildə öz əksini tapdı. Dövlətin əsas qanunu olan bu sənəd dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik olmasını təmin etdi. Ulu öndərimiz Heydər Əliyev multikulturalizmin əsas bazasının Azərbaycançılıq olduğunu bildirdi. O, qeyd etdi ki, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da bütünlükdə hamısı azərbaycanlıdır. Ulu Öndərimiz Heydər Əliyev bütün rəhbərlik etdiyi illərdə multikulturalizm siyasətinə üstünlük vermiş, onu dünya miqyasında həyata keçirmək üçün BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaçlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə üstünlük vermişdi. Bu səbəbdən də ölkəmiz insan hüquqları və milli azlıqların müdafiəsi ilə bağlı olan bir çox beynəlxalq konvensiyalara qoşulmuşdu

Belə konvensiyalardan biri kimi Avropa şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”nı misal göstərmək olar. Bu konvensiya Azərbaycan hökuməti tərəfindən 1995-ci il fevralın 1-də imzalanmış və 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya edilmişdir. İndi də hər beş ildən bir Azərbaycan Respublikası “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Avropa Şurasına hesabat təqdim edir. Ümumiyyətlə Ulu öndərimiz Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə Azərbaycanda Multikulturalizm siyasətinin əsasını qoymuşdur. Hal hazırda onun əsasını qoyduğu multikulturalizm siyasətini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. İndi Azərbaycan Respublikası bütün dünyada multikulturalizm siyasətinin əhəmiyyətinə yüksək qiymət verən ən qabaqcıl ölkələrdən biridir.

Milli azlıqların hüquqları 1990-cı il iyunun 29-da qəbul edilmiş ATƏT-in İnsan meyarı Konfransına dair Kopenhagen Müşavirəsinin sənədində belə müəyyənləşdirilmişdir: "Milli azlıqlara mənsub şəxslərin öz etnik mədəniyyət, dil, yaxud din özünəməxsusluğunu azad surətdə ifadə etmək, qoruyub-saxlamaq və inkişaf etdirmək, öz iradəsinin əksinə olaraq, heç bir assimilyasiya təşəbbüsünə məruz qalmadan bütün cəhətləriylə öz mədəniyyətini azad surətdə dəstəkləmək və onu inkişaf etdirmək hüquqları var. Xüsusilə, onlar aşağıdakı hüquqlara malikdirlər:

      - şəxsi və ictimai həyatda öz ana dilindən azad surətdə istifadə etmək;

     - milli dövlət qanunvericiliyinə uyğun olaraq könüllü maliyyə yardımını və digər yardımları, eləcə də, dövlət dəstəyi axtara biləcək xüsusi təhsil, mədəniyyət və dini müəssisələrini, təşkilat və ya assosiasiyalarını yaratmaq və dəstəkləmək;

       - öz dininə etiqad etmək, o cümlədən, dini materialı əldə etmək, ona sahib olmaq, ondan istifadə etmək və öz ana dilindəki təhsil sahəsində dini fəaliyyəti həyata keçirmək;

      - öz ölkəsinin hüdudları daxilində öz aralarında, eləcə də, digər dövlətlərin ümumi etnik və ya milli mənşəyi, mədəni mirası və ya dini etiqadı olan vətəndaşları ilə maneəsiz əlaqələr qurmaq və əlaqələri davam etdirmək;

       - öz ana dilində məlumatı yaymaq, ondan istifadə yoluna malik olmaq və məlumat mübadiləsi etmək;

       - öz ölkəsinin hüdudları daxilində təşkilatlar, yaxud assosiasiyalar yaratmaq və dəstəkləmək, beynəlxalq qeyri-hökumət təşkilatlarının fəaliyyətində iştirak etmək.

Azərbaycan isə hələ qədim dövrlərdən multikultural bir ərazi olmuşdur. Burada yaşayan müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq münasibətləri tarixin qədim dövrlərindən formalaşmışdır. Məhz bu səbəbdən də Azərbaycan xalqının çoxəsirlik multikultural dəyərlərinə əsaslanaraq ölkə Prezidenti İlham Əliyev “Bu gün multikulturalizmin dünyada alternativi yoxdur” bəyanatı ilə çıxış etmişdir.

Başqa dövlətlərdən fəqli olaraq “İlkin müxtəliflik” Azərbaycanda özünü göstərən nadir xüsusiyyətlərdən biridir. Buna görə də Qərb ölkələrindən fərqli olaraq Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi davamlı şəkildə həyata keçirilir.

Azərbasycanda multikulturalizmin əhəmiyyəti nəzərə alınaraq 11 yanvar 2016-cı il ölkə Prezidentinin sərəncamı ilə “Multikulturalizm ili” elan edilmişdir. 11 mart 2016-cı ildə isə “Multikulturalizm ili” ilə əlaqədar olaraq tədbirlər planı təsdiq edilmişdir.

Tədbirlər planı üç əsas istiqaməti əhatə etmişdi:

      1. Azərbaycan multikulturalizmi ili ilə əlaqədar olaraq ölkədaxili tədbirlərin

         keçirilməsi;

      2. Azərbaycan multikulturalizmi ilə bağlı beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi;

      3. Azərbaycan multikulturalizm modeli ilə bağlı informasiyanın geniş miqyasda

         təbliğinin həyata keçirilməsi.

Tədbirlər planında  qeyd edilmişdir ki, bu tədbirlərin həyata keçirilməsi Azərbaycan multikulturalizm modelinin elmi cəhətdən öyrənilməsinə, təkmilləşdirilməsinə və ölkə əhalisi, xüsusilə də gənclər arasında yayılmasına, Azərbaycanda yaşayan bütün xalqların, etnik qrupların və dini konfessiyaların nümayəndələri arasında dostluq və əməkdaşlıq münasibətləriini daha da güclənməsinə, onların yaşadıqları cəmiyyətə inteqrasiya olunmasına, ölkəmizdəki etnik, dini və mədəni müxtəlifliyi, onların yaşadıqları cəmiyyətə inteqrasiya olunmasına, ölkəmizdəki multikultural mühitin dünyada təbliğ olunmasına, Azərbaycanın dünyanın əsas multikulturalizm mərkəzindən biri kimi tanınmasına və müxtəlif ölkələrdə mövcud olan mütərəqqi multikulturalizm modelinin ölkəmizdə təbliğ və təşviq edilməsinə yönəlmişdir.

Prezident İlham Əliyevin multikulturalizm siyasətinə yüksək qiymət verməsi ölkənin daxili siyasəti ilə yanaşı xarici siyasətində də özünü büruzə verir. Ardıcıl olaraq ölkəmiz dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviq olunmasına həsr olunmuş bir çox beynəlxalq forumlara, konfranslara ev sahibliyi edir. Məsələn, 2011-ci ildən indiyədək Bakıda Ümumdünya Mədəniyyətlərarası dialoqun dörd forumu təşkil olunmuşdur 2011, 2012, 2013, 2014) 2016-cı illərdə isə Bakı Beynəlxalq Humanitar Forumları və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir.

Beləliklə, multikulturalizm siyasətinin meydana gəldiyi bir sıra Avropa dövlətlərinin (Almaniya, Böyük Britaniya və Fransa) başçıları bu siyasətin ölkələrində iflasa uğradığını bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizm siyasətinin müasir dövrdə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsində ən mütərəqqi və optimal olduğunu qeyd edir və onun təbliği, təşviqi istiqamətində çox böyük işlər həyata keçirir. Avropada multikulturalizmə münasibətdə artan inamsızlığa təəssüf hissi ilə yanaşan  Prezident İlham Əliyev deyib: “bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu çox təhlükəli bəyanatdır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu ayrıseçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamafobiyadır, antisemitizmdir.”

Azərbaycan xalqının multikulturalizm ənənələrinə gəlincə isə, multikulturalizm miqrantların onları qəbul edən cəmiyyətə inteqrasiyası zərurətinin nəticəsi olduğu Qərbi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda multikulturalizm bu qədim torpağın bütün sakinlərinin tarixən dəstəklədikləri həyat tərzidir. Etnik tolerantlıq və dini dözümlülük həm keçmiş, həm də indiki sakinlərin inanclarının uzun müddət yanaşı olmasının nəticəsidir. Bu səbəbdən də etnik, milli, dini müxtəliflik Azərbaycan dövlətinin möhkəm güc bazasıdır. Bu fikir artıq qalibiyyətlə nəticələnən ikinci Qarabağ müharibəsində də özünün təsdiqini tapdı. Burada yaşayan kürdlər, avarlar, ruslar, ləzgilər, talışlar, ukraynlar və b. Vətən uğrunda gedən müharibəyə qoşuldular, qəhrəmanlıqlar göstərdilər və Azərbaycanın milli qəhrəmanları sırasında onların da adları fəxrlə çəkilir.

Hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan Respublikasında bütün xalqlar və milli azlıqlar qardaşlıq və dostluq ailəsində yaşayırlar. Əsrlər boyu Azərbaycanda mehriban, dinc şəraitində yaşayan xalqlar, ölkəmiz müstəqilliyi bərpa etdikdən sonra, daha geniş hüquqlar və azadlıqlar əldə etdi, bütün çətinlikləri və maneələri azərbaycanlılarla birgə dəf edərək, bugünkü inkişafımıza öz töhfələrini verdilər.

1985-ci ildə isə Sovet dövlətində  Mixail Qarbaçovun hakimiyyətə gəlməsi ilə ölkədə millətlərarası qarşıdurmalara rəvac verildi. Ermənistan ölkəmizə qarşı ərazi  iddiaları qaldırdı. Ermənilərin Qarabağın dağlıq hissəsində separatçılıq hərəkətləri   Ermənistanın təcavüzkar siyasətinə çevrildi. Bu səbəbdən də Azərbaycanda milli azadlıq hərəkatı meydana gəldi və bütün xalq öz  vətənlərini təcavüzdən qorumaq üçün ayağa qalxdı. 

18 oktyabr 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycançılıq ideyası tarixində tamamilə yeni bir mərhələ başlandı. 

Azərbaycançılığın sosial bazasını  multikulturalizm siyasəti bu gündə daha da möhkəmləndirir, bu ideologiyanın ölkədə yaşayan bütün xalqların siyasi, iqtisadi, sosial və mədəni yüksəlişini təmin edir. Ulu öndərimiz Heydər Əliyevin multikulturalizmi Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi Azərbaycan cəmiyyətinə uğurla təqdim etdi və həyata keçirilir. Ona görə də O, haqlı olaraq Azərbaycanda multikulturalizmin siyasi və mənəvi banisi hesab olunur.

Fazilə HÜSEYNLİ,

ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının baş müəllimi.

Oxşar xəbərlər