Bu sözləri şəhid Elşad Qayımovun qardaşı Rövşən Qayımov söyləyib.
O deyib: “Nəhayət, 30 ildən sonra qardaşım doğma kəndində dəfn olunacaq. Təəssüf ki, valideynlərimiz bu günü görmədi. Atam ötən il, anam isə 40 gün əvvəl dünyasını dəyişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
“Aparılan araşdırmalardan sonra qardaşımın Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib. Aprel ayında bu barədə bizə məlumat verdilər. Elə indi dəfnə hazırlıq işləri ilə məşğulam. Qardaşımın qanı yerdə qalmayıb. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı düşməndən tam azad etdi. İndi bütün şəhidlərimizin ruhu şaddır”, - deyə Rövşən Qayımov söyləyib.
Qayımov Elşad Şirin oğlu 1974-cü il yanvarın 8-də Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb. Qəhrəman döyüşçü 1994-cü il fevral ayının 19-da şəhidlik zirvəsinə ucalıb.
Mayın 7-də Elşad Qayımovla yanaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha 3 şəhidin dəfn mərasimi keçiriləcək. (AZƏRTAC)