Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, müddətdən artıq həqiqi hərbi qulluqçu, çavuş Azər Aydın oğlu Həsənovun doğum günüdür. O, 1982-ci il mayın 6-da Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Ailədə dörd övlad olublar. O, özündən kiçik qardaşlarına həmişə nümunə olub. Azər Həsənov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Azər Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Azər Həsənov oktyabrın 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Azər Həsənov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimizin iki oğul və bir qız övladı Vətənə yadigardır.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!
Mina RƏŞİD