İşğal zamanı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi və işgəncə dolu xatirələrini Gülcamal Quliyeva İTV-Xəbərə danışıb.
“Maşınımızda çoxlu insanlar vardı, kəndçilərimiz, böyük qardaşım ailəvi idi, əmim uşaqları, körpələr, əmimin balaca qızları da vardı. Biri itgindi, hələ öldüsünü, qaldısını bilmirik, Şahnaz Quliyeva, 9 yaşı vardı”.
Kəlbəcərin Günəşli kənd sakini Gülcamal Hacıyeva 1993-cü ildə doğma yurdunu qardaşının maşını ilə tərk edəndə tunel qırğınının qurbanlarından birinə çevrilir. Hamilə qadın girov götürülür və bir həftə sonra oğlunu Xankəndidə doğum evində dünyaya gətirir.
Gülcamal Hacıyeva: “Aprelin 8-i ağrılarım başlayanda məni mərkəzi xəstəxanaya apardılar. Orda uşağın dünyaya gəldi.”
Doğuşdan sonra uşağın sağlamlıq göstəricilərinə Erməni Milli Təhlükəsizlik Nazirliyinin xüsusi hərbi bölməsinin tibb bacısı Aida Sergeyevna Seropyan nəzarət edib.
Gülcaman xanım deyir ki, sağlam uşaq idi olanda: “Oranın həkimi vardı, Aida Seropyan. Körpəmə pis iynələr vurdu. Dedi ki, qız uşağı olsa dəyməzdim, amma oğlan uşağı olduğuna görə gələcəyin əsgəridi. Bu bizə ordan güllə atacaq. Mən bunu qoymaram yaşaya. Bir neçə dəfə pis iynələr vurdu”.
Erməni qadın körpənin təkcə gələcək taleyini korlamır, həm də dininə müdaxilə etməyə çalışır. Əl boyda körpəyə düşmən münasibəti göstərməkdən çəkinməyən Seropyan üstəlik onu xaç suyuna çəkdirir, adını da Andraniklə dəyişir.
1994-cü ildə Azərbaycanlı körpələrin qətl və şikəst edilməsində “xüsusi əməyinə görə” Aida Seropyanı Ermənistanda bir neçə medalla təltif edirlər.
Gülsamal xanım deyir ki, bura qayıdandan sonra bildim, qəzetlərdə çıxdı. Bizə çəkilişə gələnlər dedilər, sonra kitablarda yazıldı ki, o qadın uşaq qatili imiş. Neçə-neçə uşaqlarımızı öldürüb. Hələ sülh şəraitində yaşadığımız vaxtlardan. O, həmişə uşaq qatili olubmuş.
Arzu: “Mən yazıram, Vətən!”...
İllər ötür, əqli cəhətdən inkişaf etsə də, fiziki cəhətdən yaşıdlarından geri qalır Arzu. Bədəni heç bir müalicəyə reaksiya vermir. Ermənilərin sınaq obyektlərinə çevrilən Arzu 12 il sonra Gülcamal xanımın ürəyində qalan Arzuya çevrilir. Fiziki göstəriciləri gündən-günə zəifləyən uşağın ömrünü Gülcamal xanım çoxsaylı müayinə və müalicələrlə cəmi 2003-cü ilə qədər uzada bilib. Arzunu qəsdən şikəst edən erməni qadın cəllad bir şeyi unutmuşdu: azərbaycanlını naməlum mənşəli iynələrlə yalnız fiziki cəhətdən şikəst etmək mümkün idi. Mənəvi cəhətdən şikəst isə yalnız xəstə təfəkürlülərə xasdır, elə Seropyan kimilərinə. Özü də heç bir zəhərli ineksiyaya ehtiyac qalmadı.
Hazırladı: Tahirə AĞAMİRZƏ