20.09.2024, 00:23
AZ EN
15.05.2023, 14:58 317

Çox istəyərdim ki, nəvələrim Qərbi Azərbaycanı görsünlər

XƏBƏRLƏR
  • İllər, zaman keçər, insan hər şeyi unudar, bircə doğulduğu Vətəndən başqa. O Vətənin dadı-duzu, havası, suyu, hər şeyi bambaşqadır. Yaşının hansı çağına çatırsan çat, aradan uzun illər keçir-keçsin, yenə də ürəyin o doğma yurda getmək üçün atlanır. Doğulduğun yeri, necə deyərlər, göbəyinin kəsildiyi yeri heç bir yer əvəz edə bilmir, lap başqa yerdə firəvan yaşasan belə...

Qərbi Azərbaycandan deporytasiya olunan  Nəcəf dayı da bu gün o yerlərin həsrətiylə yaşayır.

Nəcəf Şaban oğlu İsmayılov 1945-ci il sentyabrın 26-da  Qərbi Azərbaycanın Ellər rayonunun Burnuz kəndində anadan olub. Onun dediyinə görə, 4 yaşı olanda Azərbaycana köçüblər. 1961-ci ildə isə yenidən geri qayıdıblar. Orta təhsilini 8-ci sinfə qədər Tərtər şəhərində, sonra isə Qərbi Azərbaycanın  Çəmbərək rayonunun Ardanış kəndində alıb. O deyir ki, həmin ildə Xaçatur Abovyan adına Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə daxil olub və əsgəri xidmətə yollanıb. Əsgərlikdən qayıtdıqdan sonra təhsilini davam etdirib. Sonra “Sovet Ermənistanı” qəzetində korrektor, baş korrektor, müxbir, sonra Sənaye və Nəqliyyat şöbəsinin müdiri və məsul katib vəzifələrində çalışıb. Eyni zamanda bununla paralel  Ermənistan Televiziya Verilişləri Komitəsinin  Azərbaycan dilində Verilişlər Redaksiyasında diktor işləyib: “Mən həyatımda iki dəfə didərgin düşmüşəm.  Biri lap körpə yaşlarıma təsadüf edib, 4 yaşım vardı azərbaycanlılar deportasiya ediləndə.  4 yaşım olsa da yadıma gəlir bizi necə vaqonlara doldurdular, tuneldən necə keçdik, neçə gün yol gəldik ac-susuz, hamısı yaddaşıma yazılıb qara yazı kimi. Bizi gətirdilər Yevlax stansiyasına, Levlax stansiyasında bizi böldülər rayonlara. Bəlkə də, bizim bəxtimiz bir az gətirdi ki, bizi Tərtər rayonuna gətirdilər, sonra köçdük Seyidli kəndinə. Kimin qohum əqrabası vardı, birləşib ona bir daxma tikirdilər ki, çöldə-bayırda qalmaq mümkün deyild. 1953-cü ildən biz Tərtərdə yaşamağa başladıq. Yadımdadır, babamı öz kəndimizdə adlı-sanlı adam kimi tanıyırdılar, adı Abduləli idi. Günlərin bir günü ermənilər kəndə hücum edəndə babam nənəmə tapşırır ki, sən tez evdə nə var, onları yığ, mən sənin dalınca gələcəm. O da fikirləşirmiş ki, biz gedəcəyik harda qalacağıq, dağda, meşədə, biz necə yaşayacağıq, heç olmasa un var evdə bir az çörək bişirim ki, uşaqlar orda acından ölməsinlər. Nənəm çörək bişirdiyi yerdə ermənilər gəlir, amma babamdan çəkindikləri üçün içəri girmirlər, bacadan güllələr atırlar. Nənəm görür ki, güllələr buna dəyəcək, oturur yerə, orda olan səbəti başına keçirir, güllənin biri gəlib qoluna dəyir, yaralansa da səsini çıxarmır ki, ermənilər burda olduğunu bilməsinlər. Ermənilər gedəndən sonra ordan çıxır, çörəkləri birtəhər yarı çiy, yarı bişmiş bişirir götürür Zağa deyilən bir yer varmış, bilirmiş ki, hamı orda olacaq. Nənəm ordan piyada gəlir Zığa. Sonra babam gəlir evinə, görür ki, nənəm yoxdu. Narahart olur ki, mən onu evdə qoyub getmişdim, bu hara getdi. Qonum-qonşu da yox ki, soruşsun, hamı qaçıb. Gəlir Zağıya, görür ki, nənəm ordadır. Nənən babam gələnə qədər heç kimə demir ki, qolu yaralıdır. Sonra babama deyir, gətirib yarasını bağlayırlar. Bir müddətdən sonra ermənilər xəbər tuturlar ki, Zağıya adamlar gəlir. Bizim camaat da uşağa-böyüyə tapşrılar ki, səsləri çıxmasın, yoxsa, ermənilər yerimizi bilərlər, gəlib bizi qırarlar. 2 yaşında bir uşaq varmış, onu sakitləşdirə bilmirmişlər, ağlayanda anası uşağın ağzını möhkəm tuturlar, uşaq əlində ölür”.

Nəcəf dayı köks ötürə-ötürə söhbətini davam etdirərək bildiri ki, Sovet hakimiyyəti qurulandan sonra ilk olaraq mənim iki dayım köçdü öz kəndimizə. Yadımdadır ki, atam mənə məktub yazıdırırdı ki, soruş dayından görək orda vəziyyət necədir, biz də gəlsək dolana bilərikmi? Dayım yazmışdı ki, gəlməyin. Biz də zillət çəkdik. Atam ona inanmadı.  61-ci ilin mart ayında  biz də köçdük. Amma böyük dayım köçmüşdü Göyçənin Şollar kəndinə bzim də köçümüz getdi Şollan kəndinə, amma orda çox dözə bilmədik, 4-5 ay dözdük, sonra  o biri dayımla əlaqə saxladıq, dedilər ki, kömək edərik ev-eşik qurmağa, gəlin bura. Ondan sonra gedib öz doğma kəndimizdə yaşamağa başladıq.

Mən “Sovet Ermənistanı”  redaksiyasında işləyəndə bizə münasibət  o qədər də pis deyildi. Amma radioda vardı. Çünki radionun rəhbəri keçmiş Vedi  rayonunun birinci katibi  Zaven Polosyan idi. Onun da ən qatı daşnak olduğunu hamı bilirdi. Ora demək olar ki, daşnak yuvası idi: “Yadımdadır, Ərəbkur deyilən ərazi vardı İrəvanda.  Onun yanında Praqa mehmanxanası vardı. Orda siyasi büro üzvlərinin şəkilləri vardı. Bir gün ordan təsadüfən keçəndə baxdım, fəxrlə baxdım, siyasi büronun üzvü Heydər Əliyevin də şəkli vardı orda. Daha diqqətlə baxanda gördüm ki, Heydər Əliyevin şəklini bıçaqla kəsiblər, gözünün birini də zədələyiblər.  Əsgərlikdə bir yerdə olduğum erməni ilə söhbət edəndə dedim ki, görürsən sizinkiləri, o bunu görəndə hiddətləndi. Dedi ki, neyləyək, gəl gedək, mən İrəvan şəhər komitəsinə zəng vurub, orda tanış var. O zəng elədi, özünü təqdim eləmədi, dedi ki, bu nə biabırçılıqdı, Sovet  rəhbərinə bu nə münasibətdi?. Sonra biz ordan uzaqlaşdıq.

Axşam yenə ordan keçəndə gördüm ki, şəkli dəyişdiriblər....

Mənim bu gün İrəvanın suyu üçün, kəndimzin havası üçün ürəyim əsir. İstəyərdim yenidən o ata-baba yurduma qayıdam, ömrümün sonuna kimi heç olmasa orada yaşayam. İnanıram ki, biz ora qayıdacağıq. Bəlkə, bir müddət çəkdi, amma qayıdacağıq. Uşaqlarımız çoxu gördü o doğma yurdun saf, gözəl təbiətini, mer-meyvəsini, indi istəyərdim ki, nəvələrim də görsün”, - deyə o bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR