Tahir Seyidov deyir ki, hər yay tətili mən Göyçəyə gedirdim. Atamı-anamı, qardaşımı ziyarət edirdim. 1988-ci ildə ermənilərin bizə qarşı vandalizmi nəticəsində mənim ailəm ordan köçkün düşdü. Onlar əzab-əziyyətlə köçüb Azərbaycana gəldilər. Bir müddət mənim yanımda yaşadılar. Ondan sonra köçdülər Şuşa şəhərinə. Onlar Şuşada pansionatda yaşayırdılar.
İkinci ailəsi Tahiri isti qarşılayıb. Hətta onun toyunu da atalığı edib. Ona görə də o Hidayət dayını elə ata kimi qəbul edib. Deyir ki, ailə Şuşadan Xocalıya köçmüşdü. Onlara dövlət ev də vermişdi. Xocalı faciəsi zamanı ailə atışmadan qorunmaq üçün evin zirzəmisində gizlənir. İnsanların Xocalını tərk etdiyini biləndə isə artıq gec olur. Erməni silahlıları başlarının üstünü kəsir. Onların sonrakı aqibəti məlum olmur. Tahir valideynlərinin sorağı ilə Ağdama gəlir:
-Dedilər ki, bir ailə gəlib Xocalıdan. Onlar da Qərbi Azərbaycandandır. Mən onları xəstəxanada tapdım. Onlarla söhbət etdim, dedilər ki, sizin ailəni biz orda gördük. Onların danışığından belə başa düşdüm ki, valideynlərimi ermənilər onda qətlə yetiriblər. Ondan sonra hər yerə müraciət elədim, onları axtardım. Qohumlara da tapşırdıq ki, Xocalıdan kimi görsəniz, soruşun. 32 ildir onlardan xəbər çıxmadı.
Xocalı azad olunandan sonra tapılan məzarlıqlar Tahir Seyidovda da bir ümid yaradıb.O, biologi nümunə verərək ailəsinin heç olmasa qalıqlarını tapıb dəfn etməyi özünə övladlıq borcu bilir. Tahir Seydov kimi doğmalarının axtrışında olanlar az deyil. Vətən müharibəsində əldə edilən zəfərdən sonra Dövlət Komissiyasına Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin ailələrindən çoxsaylı müraciətlər daxil olur. Qeyd edək ki, hazırda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşların sayı 3928 nəfərdir.
Hazırladı: Tahirə AĞAMİRZƏ