22.01.2025, 23:21
AZ EN
25.04.2024, 12:10 329

Təki Vətən sağ olsun

XƏBƏRLƏR
  • Baş gizir, şəhid Nahid Mikayılov Aprel döyüşlərində də iştirak etmişdi. Atasına deyib ki, ola bilər Vətən müharibəsindən də salamat qayıtsın. Amma şəhid olsa da dərd eləməsinlər, təki Vətən sağ olsun!

Vətən Müharibəsinin qəhrəman şəhidi, baş gizir Mikayılov Nahid Sovqat oğlu 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində dünyaya göz açıb. Orta məktəbi elə doğulduğu kənddə başa vuran Mikayıl həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun baş giziri olan Nahid Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mərdliklə savaşıb. Nahid Mikayılov oktyabrın 30-da Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Kürdəmir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nahid Mikayılov ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Həyat yoldaşı Jalə Mikayılova şəhidimizlə bağlı xatirələrində deyir: “Biz Nahidlə 2004-cü ildə tanış olduq. Mən onun əynində daşıdığı formaya vuruldum. O formaya ki, onu mənə sevdirdi, sonra da onu məndən aldı. Ailə qurandan sonra Nahidin məzuniyyət vaxtlarında istirahət zonalarına, mənzərəli yerlərə gəzməyə gedərdik. Nahid işdə, bayırda ciddi, ağır təbiətli, evdə isə çox mehriban, zarafatcıl idi. Uşaqların gələcəyini, arzularımızı, niyyətlərimizi birgə müzakirə edirdik. Həmişə zarafatla mənə deyirdi ki, mən taborun komandiriyəm, sən də evin... Müharibə başlayanda da Nahid hər gün zəng edib bizi arxayın salırdı ki, narahat olmayın az qalıb Qələbəyə, tezliklə müharibə bitəcək, görüşəcəyik. Adətim üzrə oktyabrın 30-da səhər yuxudan duran kimi ona zəng etdim, amma zəng çatmadı...”

Şəhidimizin 3 oğul övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər