25.04.2025, 02:54
AZ EN
18.07.2022, 12:20 403

Qəhrəman olub qayıtdı

XƏBƏRLƏR

Biz gedirik bu vətəni qoruyaq
Bizimkidir doğma, əziz Qarabağ!
Arzumuz bu, məqsədimiz xoş həyat
Salamat qal, əziz ana, salamat!

Ancaq Fərid müharibəyə yollananda bunu anasına söyləmədi, “Təlimə gedirəm”, – deyib, onu nigaran qoymaq istəmədi... Həm də, o bu haqq savaşına elə hazır idi ki, ölümə deyil, öldürməyə, zəfərlə geri dönəcəyinə inanırdı... Bəli, o qayıtdı, əsl qəhrəman kimi, Vətən uğrunda son damla qanına qədər vuruşdu, yaralı olsa belə silahını əlindən yerə qoymadı. Yaralı vəziyyətdə düşmənə qan uddurdu və sonda şəhidlik kimi müqəddəs bir zirvəyə ucaldı...

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin mayoru şəhid Ələkbərov Fərid Tahir oğlunun doğum günüdür. O, 1980-ci il iyulun 18-də Bakıda anadan olub. 1996-cı ildə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə təhsilini başa vurub. Sonra o, İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olub və buranı da müvəffəqiyyətlə bitirib. O, 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub.

2020-ci il sentyabrın 27-də İkinci Vətən Müharibəsinə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. O, noyabrın 8-də Xankəndi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə savaşıb. Ayağından qəlpə yarası almasına baxmayaraq, döyüşü davam etdirən qəhrəman zabitimiz düşmənin xeyli canlı qüvvəsini məhv edərək taborun mühasirədən çıxmasında müstəsna rol oynayıb. Təəssüf ki, bu, Fəridin sonuncu döyüşü olub. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Fəxri xiyabanda dəfn edilib.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezidentimiz İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Ruhu şad olsun, məzarı nurla dolsun!

Mina RƏŞİD

Oxşar xəbərlər