Seymur İlham oğlu Cabbarov 1987-ci il martın 16-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çərçiboğan kəndində anadan olub.
1993-2001-ci illərdə Ramiq Abbasov adına tam orta məktəbdə, 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2004-2008-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2008-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən Leytenant hərbi rütbəsi alıb. 2009-cu ildə Silahlı Qüvvələrin təlim və tədris mərkəzinin Zabit ixtisası kursunu bitirib. 2009-cu ildə Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən N saylı hərbi hissənin motoatıcı taborunun motoatıcı tağım komandiri vəzifəsinə təyin edilib.
2010-cu ildə Silahlı Qüvvələrin təlim və tədris mərkəzinin Zabit təkmilləşdirmə kursunda Motoatıcı bölük komandiri kursunu bitirib. Seymur Cabbarova 2011-ci ildə Baş leytenant rütbəsi verilib və N saylı hərbi hissənin motoatıcı taborun motoatıcı bölük komandiri vəzifəsinə təyin edilib.2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin Zabit təkmilləşdirmə kursunda Qərargah rəisinin MTT üzrə köməkçisi kursunu bitirmiş, 2014-cü ildə motoatıcı tabor komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub.
2015-ci ildə Müdafiə Nazirinin əmrinə əsasən Füzuli rayonun N saylı hərbi hissəsinə bərabər vəzifəyə təyin olunub. Həmin ilin avqust ayında Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsinə təyinatı verilib.
Naxçıvan Muxtar Respublikasında olduğu müddətdə Kapitan rütbəsi verilib.
2020-ci ilin yanvar ayında Ağcabədi rayonunda xidmətini davam etdirmiş, 2020-ci ilin əvvəllərində könüllü olaraq Beyləqan rayonundakı N saylı hərbi hissədə xidmətini davam etdirib.
O, xidmət etdiyi dövrlərdə yüksək xidmət nümunəsi göatərdiyinə görə bir sıra diplom və medallarla təltif edilib.
Kapitan Seymur Cabbarov Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Qəhrəmanımız Seymur Cabbarov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin işğalına görə" medalları ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ