20.10.2024, 03:59
AZ EN
02.09.2024, 09:53 233

Hadrutda şücaətlər göstərən Natiq...

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Natiq Məmmədrza oğlu Rəşidovun doğum günüdür. O, 1991-ci il sentyabrın 2-də Saatlı rayonunun Dədə Qorqud kəndində doğulub. 2009-2011-ci illərdə Daşkəsən rayonunda hərbi xidmətdə olub. 2013-cü ildə ailə həyatı qurub, 2 övladı var. Natiq 2016-cı ildə baş verən Aprel döyüşlərində iştirak etmək üçün könüllü orduya yazılsa da bu ona nəsib olmayıb.

Natiq Rəşidov 2020-ci ildə Vətən müharibəsi başlayan gündən bir neçə gün əvvəl səfərbərliklə orduya çağırılıb və təlimlərə qatılıb. 27 sentyabr 2020-ci il tarixindən döyüşlərə qatılıb və şərəfli döyüş yolu keçib. Sonuncu dəfə 19 oktyabrda ailəsi ilə əlaqə saxlayıb, Hadrutda olduqlarını bildirib və söyləyib ki, ondan nigaran olmasınlar. Lakin bundan sonra igid döyüşçüdən ailəsi xəbər tuta bilməyib. Nəhayət bir gün onun şəhid olduğu bildirilib və yalnız noyabr ayının 30-da cəsur döyüşçünün nəşi Saatlı rayonuna gətirilib.

Şəhidimiz Saatlıda doğma kəndində böyük izdiham və ehtiramla  torpağa tapşırılıb.

Natiq Rəşidovun döyüş yolu 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi təlimlərə cəlb olunması ilə başlayıb. O, Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda döyüşlərdə mərdliklə vuruşub. Döyüş yoldaşlarının dediyinə görə, Natiq döyüşlərdə şücaətlər göstərib. Belə ki, o bir neçə düşmən tankını məhv edib. Sonra elə Hadrut uğrunda döyüşlərdə də itkin düşüb. Təxminən bir ay sonra qəhrəman döyüşçünün şəhid olduğu məlum olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Natiq Rəşidov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə " medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şaad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD 

Oxşar xəbərlər