22.11.2024, 18:41
AZ EN
26.02.2024, 16:23 237

“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib

XƏBƏRLƏR
  • “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində “Ana harayı” abidəsinə ziyarət, “Qələbəyə inam” adlı bədii tədbir, “Qırmızı ləçəklər” kitabının gənclər üçün təqdimatı və “Xocalı: Tarixi Yaddaş” adlı anım tədbiri təşkil olunub.

“Böyük Qayıdış” Gənclər Təşkilatından bildirilib ki, dəhşətli soyqırımın 32-ci ildönümü ilə əlaqədar təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri, üzv və könüllü gənclər anım yürüşündə iştirak ediblər. Gənclər Xocalı faciəsində amansızcasına qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla yad edib, abidənin önünə gül dəstələri qoyublar.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinə həsr olunmuş “Qələbəyə inam” adlı bədii tədbir təşkil olunub. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb, faciə dəhşətləri, haqqın, ədalətin bərqərar olmasına, qələbəyə inam bədii, musiqili, tamaşa formasında yaradıcı gənclər tərəfindən təqdim edilib.

Tədbirlər proqramına uyğun olaraq təşkilat tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunan, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” romanının müəllifi Varis Yolçuyevlə gənclərin görüşü təşkil olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən görüşdə iştirak edən gənclər bu dəyərli əsər haqqında müəllifin özündən məlumat alıb, onları düşündürən suallara cavab tapıblar.

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “XOCALI: tarixi yaddaş” adlı anım tədbiri keçirilib. Tədbirdə rəsmi şəxslər, gənclər təşkilatlarının rəhbər və nümayəndələri, Vətən müharibəsi qaziləri, Xocalı soyqırımının canlı şahidləri və tələbə gənclər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə qonaqlar 1992-ci ilin qanlı gecəsində erməni qəsbkarları tərəfindən törədilən amansız faciədən, bu soyqırımının bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri, misli görülməmiş soyqırımı olduğu haqqında geniş məlumat verib, xalqımızın sarsılmayan mübarizə ruhundan, zəfərə inamından söz açıblar.

Çıxış edən natiqlər bildiriblər ki, qanlı faciə Azərbaycan tarixinə qara hərflərlə yazılaraq, əbədi olaraq yaddaşlara həkk olunub. Xocalıda baş verən insanlığa qarşı cinayətə beynəlxalq ictimaiyyət tərəfindən hələ də tam obyektiv qiymət verilməməsi təəssüf hissi ilə qeyd edilib. Qürurla vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz Vətən müharibəsində və lokal antiterror tədbirləri nəticəsində tarixi ədaləti bərpa edib, müharibə dövründə Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların bir qismi məhv edilib, bir qismi həbs olunub. Beləliklə, hərb meydanında Xocalı soyqırımının qisası alınıb. Bu gün üçrəngli bayrağımız azad Xocalıda dalğalanır. Artıq xalqımız XX əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini alnıaçıq, qalib ölkə, zəfər qazanmış xalq kimi ziyarət edir. Uzun illərdən sonra Xocalı qurbanlarının və şəhidlərimizin ruhu şaddır. (AZƏRTAC)

Oxşar xəbərlər