O, Zəngəzur mahalı Qarakilsə (Sisian) rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub.
Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsini bitirib. İikinci ixtisas kimi Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə AMEA Kibernetika İnstitutundan başlayıb. İnformasiya Telekommunikasiya Elmi Mərkəzində (indiki İnformasiya Texnologiyaları İnstitutu) şöbə müdiri vəzifəsində çalışıb. BDU, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Türkiyə Respublikasının “Ankara Universiteti”ndə pedaqoji fəaliyyət göstərib.
Rəhilə Abdulla qızı 1998-ci ildən 2013-cü ilə qədər AR Təhsil Nazirliyində baş məsləhətçi işləmişdir. 2013-cü ildən AR Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Texniki xidmət Ekspertiza və Telekominakasiya şöbəsinin baş məsləhətçisi, 2014-cü ildən Sumqayıt Dövlət Universitetində İnformasiya Texnologiyaları mərkəzinin direktoru, Texnoloji innovasiya və texniki xidmət şöbəsinin müdidi, İnformatika kafedrasının dosenti vəzifələrində çalışıb.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda apardığı elmi araşdırmalar nəticəsində 2001-ci ildə “İnformasiya sistemlərinin adaptivliyinin layihə modelləri” mövzusunda dissertasiya müdafiə edib, “Texnika üzrə fəlsəfə doktoru”, dosentdir.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir.
Qərbi Azərbaycan İcması yaranan gündən hər bir sahədə əlindən gələn köməkliyi edir. QA İcmasında Qadınlar Şurasının müavini olmuş, hal hazırda fəal üzvlərindən biridir. Eyni zamanda Qərbi Azərbaycan İcması Qarakilsə (Sisian) rayon İcması sədrinin müavini, Urud Kənd İcmasının sədridir.
Qərbi Azərbaycanımızın dəyərli ziyalısı texnika elmləri üzrə fəlsəfə doktoru, Rəhilə Abdullayeva Qarabağın, Şərqi Zəngəzurun erməni işğalından azad olduğu üçün qürur duyur və bu günə qədər həsrətiylə yaşadığı doğma Urud torpağına da qovuşacağına inanır.
Tahirə AĞAMİRZƏ