Bu gün İkinci Vətən Müharibəsi şəhidi Qəsəbov İsmayıl Nəbi oğlunun doğum günüdü.
İ.Qəsəbov 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 2009-cu ildə Çaylı kənd şəhid Elşən Cəfərov adına tam orta məktəbi bitirib və həmin il hərbi xidmətə yollanıb. İsmayıl uşaq yaşlarından idmanla məşğul olub. Goranboyda və Murovda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra 2013-cü ildən müddətdən artıq hərbi xidmətə qayıdıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında baş çavuş olaraq xidmətini yerinə yetirib. İsmayıl Qəsəbov 44 günlük Vətən müharibəsinin 42 gününü ağır döyüşlərdə Xüsusi Təyinatlı Dəstədə düşmənlə vuruşub. O, igid döyüşçü kimi Murov, Kəlbəcər, Cəbrayıl, Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə şücaət göstərib.
2020-ci il noyabrın 7-də Şuşa dağlarında yoldaşları ilə birgə İ.Qəsəbov da döyüş tapşırığını yerinə yetirmək üçün əmr alır. Həmin ağır döyüşlərdə tanklardan və minamyotdan atılan atəş nəticəsində İsmayıl Nəbi oğlu Qəsəbov qəhrəmancasına Şəhid olur. Qazax rayon Çaylı kənd Şəhidlər xiyabanında dəfn olunub. Evli idi. İki azyaşlı oğlu var.
Qazax rayonunun Çaylı kəndində yaşadığı evin yanında olan bulaq təmir edilib və bulağa "İSMAYIL BULAĞI" adı verilib.
Şəhid İsmayıl Qəsəbov Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda","Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Ruhu şad olsun.
Mina RƏŞİD