23.11.2024, 04:52
AZ EN
25.01.2024, 11:28 289

Elnur dostlarını xilas edərkən şəhid oldu...

XƏBƏRLƏR
  • Bütün döyüş yoldaşları Elnurun necə Vətənini sevən, igid, mərd oğul olduğundan fəxrlə danışırdılar. Şəhid övladı haqqında belə qürurverici sözləri eşidən ata-ananın qəlbi köksünə sığmırdı. Elnur qanlı döyüşlər zamanı iki döyüş yoldaşına kömək edib. O, ücüncü yoldaşına köməyə gedərkən düşmən gülləsinə tuş gəlib. Anası deyir ki, oğul Vətən üçündür. “Mənim üçün Elnur yenə də sağdı. Bizim yeganə təsəllimiz övladımızın adının əziz tutulması, unudulmamasıdır, şəhid valideynlərinin bundan başqa istəyi yoxdur...”

Adını Zəfər tariximizə qızıl hərflərlə qanıyla yazan qəhrəman oğullarımızdan biri də, Elnur Şəmsi oğlu Bayramovdur. Bu gün onun doğum günüdür. E.Bayramov 1992-ci il yanvarın 25-də İmişli rayonunun Şahverdili kəndində dünyaya göz açıb. Orta təhsilini İmişli rayon Şahverdili kənd tam orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Elnur Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mərdliklə savaşıb. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.

Elnur Bayramov 2020-ci il oktyabrın 28-də Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Bayramov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, qəhrəman şəhidimizin iki qardaşı -  Xalid və Elbəy də Vətən müharibəsi veteranlarıdır.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər