Qədim torpaqlarımız olan Qərbi Azərbaycandan 35 il əvvəl zorla çıxarılan soydaşlarımızdan biri də Mirfaiq Mirheydərlidir. Mirfaiq müəllim bu günlərdə Azad Azərbaycan televiziyasına doğma yurduna qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirib. O, bir vaxtlar öz ata-baba yurdlarından ermənilərin insanlarımızı necə alçaldaraq öz yurdundan çıxardıqlarından danışıb. Onları mal-heyvan daşınan vaqonlarda göndərdiklərini söyləyib. M.Mirheydərli deyir ki, ermənilər eyni münasibəti tarixi mədəni abidələrimizə də ediblər. Bu gün İrəvanda Azərbaycan adına nə vardısa hamısını siliblər. Yəni ki, siz burada yaşamamısınız. Qədim qəbiristanlıqlar, məscidlər yerlə-yeksan edilib. Qərbi azərbaycanlılar illərdi ürək ağrısı ilə olanları kənardan seyr etmək məcburiyyətində qalmışdı. Bu gün isə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki tarixi zəfərdən sonra həmin soydaşlarımızın da doğma torpaqlarına geri dönüşünə inamları artıb: “Qarabağa qayıdış Qərbi Azərbaycana qayıdışın önünü açdı. Qərbi Azərbaycana qayıdış isə bütövlükdə tarixi topaqlarımıza qayıdışımız demək olacaq”.
Mirfaiq müəllim deyir ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdışla bağlı bəyanatından sonra həmin torpaqlardan olan bütün soydaşlarımız sanki dünyaya yenidən doğlublar. Hamı tarixi torpaqlarımıza o möhtəşəm qayıdışımızı gözləyir...
Mirəli Mirheydərli də atasının fikirlərinə şərik olur. Deyir ki, Qarabağda zəfər çalmağımız bizim amalımız idi: “Mühəndisliyi bitirmişəm. Hədəflərim arasında bu torpaqlara dönmək və orada fəaliyyətimi davam etdirmək də var”.
Qərbi azərbaycanlı soydaşlarımız dönə-dönə onu vurğuladılar ki, Qarabağda tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandan Qərbi Azərbaycanda da haqq-ədalətin öz yerini tutmasına nail olacaq.
Mina RƏŞİD