Dairə Seçki Komissiyasının sədri Hüseyn Səfərov bildirib ki, treninqlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır. On gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. İştirakçılara slaydların köməyi ilə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir. Treninq zamanı müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılır. Aşağı seçki komissiyası üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur. Treninqlər yanvarın 29-da başa çatacaq.
121 saylı Laçın seçki dairəsində fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi 109 məntəqədə keçiriləcək. Laçın rayonundan olan seçicilər respublikanın müxtəlif şəhər və rayonlarında səs verəcəklər. Məntəqələrin beşi işğaldan azad edilmiş ərazilərdə yerləşir. Dairə üzrə 59 min 563 seçici qeydə alınıb ki, onlardan 5278 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1461 nəfəri 80-100 yaş arasında, 2 seçicinin yaşı isə 100-dən yuxarıdır. (AZƏRTAC)