23.12.2024, 17:08
AZ EN
18.01.2024, 17:00 314

Ərəb mediasında azərbaycanlı alimin 20 Yanvar faciəsi haqqında məqaləsi dərc olunub

XƏBƏRLƏR
  • Ərəb mediasında tədqiqatçı-alim Seymur Nəsirovun 20 Yanvar faciəsi ilə bağlı geniş məqaləsi dərc olunub.

Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Əlcəzair, Livan və İraqın qəzet və portallarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun "Azərbaycanda baş vermiş 20 Yanvar faciəsindən 34 il ötür" sərlövhəli məqaləsi dərc olunub.

Müəllif qeyd edib ki, Azərbaycan dünya dövlətləri tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdikdən sonra bu ağır cinayəti törədənlərin tezliklə ədalət qarşısında cavab verəcəklərinə xalqın inamı daha da artıb. Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğaldan sonra öz ərazi bütövlüyünü bərpa etməklə sübut etdi ki, problemin həlli nə qədər vaxt aparsa və beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qalsa da, o, qətiyyən təslim olmadı.

Məqalədə Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsindən geniş söhbət açan müəllif onu Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünə qarşı mübarizəsi ilə müqayisə edib, müxtəlif illərdə azadlıq uğrunda meydanlara axışan misirli və azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayıb. Misirli alim Şeyx Məhəmməd əl-Ğəzali özünün “Acı həqiqət” kitabında 1990-cı il 20 Yanvar faciəsində azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayaraq, Azərbaycan xalqının beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığını qeyd edib. Misirli jurnalist Məhəmməd Sələmənin tədqiqat əsərində isə ermənilərin sovet qoşunlarının tərkibində Bakıda dinc əhalinin qətlə yetirilməsində iştirak etdikləri qeyd olunub.

S. Nəsirov misirli alim Şeyx Əbdülvəhhab əl-Nəccarın "Qanlı Günlər" əsərinə istinad edərək 1919-cu illərdə müstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciədə ermənilərin rolundan bəhs edib. Misirli alim həmin əsərində dünya ölkələrinin ikili standartlar mövqeyindən çıxış etməsindən yazaraq bildirir ki, “Misirin hər guşəsində kəndlər yandırılır, insanlara qarşı soyqırımı törədilir və buna rəğmən heç bir ölkə törədilən bu faciəni qınamır. Amma misirlilərə qarşı düşmənçilik edərək qətliam törədən ermənilərdən qisas almağa başlayanda, dərhal onları qınayırlar”.

Məqalədə Azərbaycana qarşı da ikili standartlardan çıxış edildiyi, ermənilərə dəstək verildiyi vurğulanır. Qeyd olunur ki, otuz il ərzində Qarabağda mədəni abidələrimizi dağıdan və məscidlərimizi təhqir edərək xarabalığa çevirən ermənilərə qarşı heç kim etiraz etmir. (AZƏRTAC)

Oxşar xəbərlər