29.03.2024, 16:12
AZ EN
28.06.2022, 11:36 372

Zəngilanda minaaxtaranlar üçün yeni mobil sahə düşərgəsi açılıb

XƏBƏRLƏR
  • Ölkə başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən müvafiq fəaliyyət həyata keçirilir.

Agentlikdən verilən xəbərə görə, ANAMA işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarının miqyasının genişləndirilməsi məqsədilə maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də zəruri tədbirlər yerinə yetirir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən ANAMA tərəfindən Zəngilan rayonunda yeni mobil sahə düşərgəsi salınıb. Düşərgənin açılış mərasimində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər məsul vəzifəli şəxslər iştirak edib və onlar Qarabağ və Şərqi Zəngəzurda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək düşərgə ilə tanış olublar.

Əməliyyat, inzibati və xidməti heyət üçün bütün lazımi şəraitlə və müasir avadanlıqlarla təchiz edilən mobil tipli sahə düşərgəsi yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi üçün nəzərdə tutulmuş müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Həmçinin, burada texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər də mövcuddur. Bununla yanaşı, şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə düşərgə futbol - voleybol meydançası və idman trenajorları ilə təmin edilib.

Qeyd edək ki, konteynerlərdən ibarət mobil tipli sahə düşərgəsi minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşınma üstünlüyünə malikdir.

Oxşar xəbərlər