26.04.2024, 19:48
AZ EN
28.06.2022, 09:00 530

GÖZÜN AYDIN, QUBADLIM!

XƏBƏRLƏR
  • 44 günlük İkinci Vətən Müharibəsində qazandığımız Zəfər illərdi yurd həsrətilə yaşayan həmvətənlərimizin yarasına məlhəm oldu. Ömrümüzün sonuna qədər biz bu qürurla yaşayacağıq. Ata-baba yurdu işğaldan azad edilən insanlardan biri də, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur. Neçə ildi Rafiq müəllim qələmini silaha çevirib Qarabağ, doğma Qubadlı uğrunda çarpışırdı...

Şair deyir ki, torpaqlarımızın, ayrı-ayrı şəhər və kəndlərimizin, xüsusən doğulub boya-başa çatdığı Qubadlının işğalı, hamı kimi, onun da  ürəyini göyüm-göyüm göynədirdi. Yurd həsrətli şeirlər, hekayələr, nağıllar, məqalələr yazmaqdan başqa əlindən bir şey gəlmirdi.

Çox şükür, uzun illərin məşəqqətli ayrılığından sonra arzuları çin oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalq bir yumruq kimi birləşdi. Hamımız tarixi bir müharibənin iştirakçısına çevrildik. Müharibədə, az qala, hər ailəni düşmənə nifrət, vətənə məhəbbət ruhunda tərbiyə edilən oğullar təmsil eləyirdi. Əlində üçrəngli bayrağımız yellənən körpə uşaqlarımızdan tutmuş köksündə ürəyi payız yarpağı kimi titrəyən qocalarımıza qədər hamı müharibənin gedişini həyəcanla izləyir, Prezident İlham Əliyevdən qələbə müjdəli xəbərlər gözləyirdi...

-“Vətən sevgisi on milyon “mən”i birləşdirib vahid “biz”ə döndərmişdi. Qələbənin ən mühüm şərtlərindən biri də elə bu idi. Bütün açıq və gizli havadarlarının köməyinə baxmayaraq, düşmən Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmirdi. Nəyi nə vaxt, necə etməyi hamıdan gözəl bilən Ali Baş Komandanın “dəmir yumruğ”u düşməni, dəmir məntiqi isə onların havadarlarını məhv eləyirdi. 44 günlük müharibədə torpaqlarımızın tamamilə işğaldan azad edilməsi fantastik bir hadisəyə bənzəyirdi. Cənab Ali Baş Komandanın rəhbərliyi altında əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərib, yeni bir tarix yaratdılar. Bunun üçün hərə öz əlindən gələni etdi. İnana bilmirdim ki, gün gələcək, cənab Prezidentlə şəxsən görüşə, Ali Baş Komandanın işğaldan azad edilmiş torpaqların, o cümlədən bizim rayonumuzun gələcəyi ilə bağlı çıxışını dinləyə, onunla söhbət edə, daşı daş üstə qalmayan Qubadlının küçələrində birlikdə gəzə biləcəyəm. 28 ildən bəri üzünü görmədiyim Qubadlıda o qədər duyğulu anlar yaşadım ki...”

R.Yusifoğlu bütün bunlara görə, yurd həsrətimizə son qoyduğu üçün Prezidentə, Müzəffər Ali Baş Komandana dərin təşəkkürünü bildirir. Şair o müqəddəs səfərdə Ulu Öndər Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən, onun arzularını reallaşdıran Müzəffər Ordumuzun Ali Baş Komandanının çıxşlarını dinləyə-dinləyə viranəyə dönmüş Qubadlının gələcəyini gözü önündə canlandırmağa çalışıb. Deyir, möhtərəm İlham Əliyevin söhbətlərini dinlədikcə tam əmin oldum ki, dünənki qaçqın-köçkünlərin ürəyinə zəfər məlhəmi qoymağı bacaran Prezidentimizin rəhbərliyi altında Qubadlı da tezliklə Şərqi Zəngəzurun ən gözəl, möhtəşəm şəhərlərindən birinə çevriləcək.

-“Qubadlıdan geri qayıdanda sözlərimə Siyavuş Kəriminin bəstələdiyi “Ulu Öndər” mahnısını dinləyirdim. Abad Qubadlıya qayıdacağımız günü xəyalımda canlandıra-canlandıra Ulu Öndərə rəhmət, onun yolunu ləyaqətlə davam etdirən Prezidentimiz İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, onların ailə üzvlərinə cansağlığı arzulayırdım...

Xarabazara çevrilmiş rayon mərkəzinin ürək göynədən mənzərəsi gözüm önündən getmirdi. Çox kövrəlmişdim. Ancaq mənə təsəlli gəlirdi   ki, yurd həsrəti ilə dünyasını dəyişən insanların, torpaqlarımızı öz qanları bahasına azad edən şəhidlərimizin ruhu şaddır.”

Sonra şair yağmalanmış yurduna təskinlik verir. Deyir: -“Gözün aydın, Qubadlı! Sən azadsan, sən abad olacaqsan. Sənin işğaldan azad edildiyin gündə Prezidentimizin Qubadlıda elektrik yarımstansiyasının açılışını etməsi də mənim üçün simvolik məna daşıyır. Xaraba yurd yerinə ilk dəfə işıq gətirən uzaqgörən dövlət başçısının - İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Qubadlımız, sənin də gələcəyin həmişə işıqlı olacaq...”

 

İndi bütün dünyanın gözü bizə dikilib,

İndi bütün adamlar bir can, bir bədən olub.

Xaraba həyətlərin hasarları sökülüb,

Sənin, mənim olan yer birləşib Vətən olub!

Nələrə qadir deyil yurd eşqi, el əməyi?

Üzümüz sabahadır, sanmayın yol azalıb...

Dağıdılıb körpülər, ancaq qəm eləməyin,

Bu qıjıltılı çaylar çox körpü yola salıb...

Bərgüşad Həkəriyə qoşulub axır, axır,

Biz millət savaşından geri dönmərik əsla!

Murdar ayaqlar dəyən bu müqəddəs torpağı

Gərək salavat çəkib təmizləyək Arazla!

Gözəl bir məkan varmı bu yurddan, bu ölkədən?

Bu torpaq möcüzədir, daş da səpsən, bitəndir.

Torpağı yağılardan, gözümüzü kölgədən

Qurtaran oğulların əmanəti Vətəndir.

Dəyişəcək nəsillər, aylar, illər ötəcək,

Heç vaxt sönməyəcəkdir bizim qaynar ocaqlar.

Kökümüzdən boy alan övlad, nəvə, nəticə

Bu müqəddəs torpağın sahibi olacaqlar...

Yurddan ayrı düşəni həsrət alovu qarsar,

Yalnız haqqa güvənən murada çata bilər...

Ürəyimiz həmişə eyni ahənglə vursa,

Bu torpağa bağlansaq, bizə kim bata bilər?!

İndi bütün dünyanın gözü bizə dikilib,

İndi bütün adamlar bir can, bir bədən olub.

Xaraba həyətlərin hasarları sökülüb,

Sənin, mənim olan yer birləşib Vətən olub!

 

Şairin bu şeirini dinlədikcə sanki insanın ürəyi dillənir. Rafiq Yusifoğlunun timsalında yurd-yuvası işğaldan azad edilən bütün həmvətənlərimizin gözləri aydın olsun. Gözün aydın, Ana Yurdum, Gözün aydın, Azərbaycan!

Mina RƏŞİD

Oxşar xəbərlər