23.12.2024, 08:44
AZ EN
09.01.2024, 09:03 419

Aygün Attar Avropa Diplomatlar Birliyi və Türk Dünyasının mükafatlarına layiq görülüb

XƏBƏRLƏR
  • Türkiyədə yaşayan, əslən Qubadlı rayonundan olan alim Aygün Attar Avropa Diplomatlar Birliyi və Türk Dünyasının mükafatlarına layiq görülüb.

Azərbaycanlı alim və siyasi xadim, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü professor Aygün Attara 2024-cü ilin ilk günlərində Türkiyə və Avropadan ikiqat mükafat xəbəri gəldi.

“İstanbul Elit WORLD Taksim” otelində “6-cı Qadin Sahibkarlara Dəstək Zirvəsi” bu dəfə “Güclü Qadınlar, Güclü Sabahlar” mövzusu ilə  9 yanvar 2024-cü ildə keçiriləcək mərasimdə mükafatlar Türk dünyasının içtimai-siyasi həyatında uğur qazanan qadınlara təqdim olunacaq. “Türk Dünyası Ödülü” kateqoriyasında görkəmli azərbaycanlı alim professor Aygün Attarın da adı  yer alır. 

Münsiflər heyətinin qərarında bildirilir ki, “Bir millət, iki dövlət siyasəti çərçivəsində önə çıxan baxışın ən mühüm tərəfdarlarından birinə çevrildiniz. Siz bu məsələ ilə bağlı konkret addımların atılmasına öncülük etdiniz. Məsələ ilə bağlı qeyri-hökumət təşkilatlarına öz dəstəyinizi və rəyinizi bildirmisiniz. Siz Azərbaycanın inkişaf layihələrinin təbliğinə xüsusi töhfə vermisiniz. Bütün bu işlərinizə görə münsiflər heyəti yekdilliklə sizə “Türk Dünyası Ödülü”nün verilməsini məqsədəuyğun saydı”.

Avropa Beynəlxalq Diplomatlar Birliyi tərəfindən verilmiş digər nüfuzlu mükafat da Türkiyə tərəfindən namizəd göstərilən professor Aygün Attara verilib. Avropanın mötəbər qurumlarından olan və 24 il əvvəl Avropa Şurasının  məsul vitse-prezidenti Günter Verheugenin dəstəyi ilə avropalı diplomatlar tərəfindən yaradılan DWM Diplomatlar Assosiasiyası Avropa Şurası və Birləşmiş Millətlər  ECOSOC tərəfindən akkreditə edilib, qərərgahı Almaniyada yerləşir.

Münsiflər heyətinin yekdilliklə qəbul etdiyi qərarda aşağıdakı ifadələr yer alır: “30 ilə yaxın erməni işğalı altında qalan  Qarabağda və Şərqi Zəngəzurda doğulmuş, məcburi köçə məruz qalmış bir ailənin övladı olan professor Aygün Attar “Beynəlxalq Sülh və Akademiya” mükafatına layiq görülüb. Nəşr olunmuş çoxsaylı və dəyərli  akademik araşdırmaları, iştirakçısı olduğuğu populyar televiziya proqramları, ölkə daxilində və xaricdə təqdim etdiyi konfranslar vasitəsilə Türkiyə və Azərbaycanın Avropa coğrafiyasında tarixi, siyasi və mədəni baxımdan layiqincə tanıdılması istiqamətindəki fəaliyyət və səyləri,  rəhbərlik etdiyi təşkilat vasitəsi ilə vətəndaş cəmiyyətinə göstərdiyi müstəsna xidmətlərinə görə, ictimai təşkilatlar vasitəsilə dünyada sülhün dəstəklənməsi və tolerantlığın təşviqi istiqamətində ciddi işlərə öncülük etmiş, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafında körpü rolunu oynamış  professor Aygün Attar beynəlxalq miqyasda -  xaricdə, xüsusən də Avropada yaşayan soydaşları və  nüfuzlu qeyri-hökumət təşkilatları ilə uğurlu mədəniyyət şəbəkəsi yaratdığına görə mükafat komissiyasının birgə qərarı ilə təltif edilir.

EBCA Avropa Biznes Klubu Assosiasiyası, DC Diplomatik Şurası, Ərəb-Türk İş Şurası, Enviro Kare, Lucas Nülle kimi beynəlxalq mötəbər qurum və təşkilatlarla əməkdaşlıq edən Avropa Beynəlxalq Diplomatik Assosiasiyanın mükafatlandırma mərasimi  bu ilin mart ayında Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq mərasimdə baş tutacaq.

Sözardı: Avropa Beynəlxalq Diplomatlar Birliyi “Beynəlxalq Diplomatiya Nailiyyət Mükafatları – 2024” Mükafat Komitəsinin açıqlamasından sonra Avropada yaşayan soydaşlarımızın sevincinə, ictimaiyyətin həyəcanına səbəb olan belə nüfuzlu mükafata görə professor Aygün Attarı  Türkiyə və Azərbaycan başda olmaqla Türk Dünyası adından təbrik edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ildə “Vətənə xidmət” medalı, 2022-ci ildə Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında göstərdiyi səylərə görə “Dostluq” medalı ilə təltif edilən Aygün xanım, Türkiyə prezidenti cənab Ərdoğanın Azərbaycana səfərləri zamanı rəsmi nümayəndə heyətinə daxil etdiyi, çox hörmət etdiyi bir alimdir. Təbrizli iş adamı ilə ailə həyatı quran və Təbriz gəlini olduğunu hər fürsətdə vurğulayan Aygün Attar üç uşaq anasıdır və bir nəvəsi var. Türk dünyasının qürur duyduğu bir türk qadınıdır.

Qubadlı rayonunda anadan olan Aygün Attar 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasında doktorluq dissertasiyasını müdafiə edib.

Ömrünün 30 ilindən çoxunu Türkiyədə yaşayan soydaşımız 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş silsilə məqalənin müəllifidir.

Davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olur. Professor Aygün Attar 2021-ci ildən Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvüdür.  2019-cu ildən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədridir. Bilkənd Universitetinin qurucusu, professor İhsan Doğramacı tərəfindən 1997-ci ildə təsis edilən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Azərbaycan-Türkiyə əlaqələrinin inkşafında xüsusi yeri var. Ümummilli lider Heydər Əliyevin professor İhsan Doğramacı ilə səmimi dostluq münasibətləri Fondun qısa müddətdə tanınmasına, inkişafına və nüfuz qazanmasına böyük təsir göstərib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər